2/19/2016

Xəyalımda yaşadın, gerçəkləşmədin… 01/09/06

Paritet qəzetinin sentyabr 2006-cı il tarixli buraxılışında dərc edilmişdir
Sən xəyaldasan, xəyalımda xəyal kimi yaşayırsan, xəyalımla qidalanır, nəfəs alırsan…
Sən mənim deyilsən, mənim xəyallarımdasan, gerçək olmadan xəyalımda mövcudsan…
Acizəm, sən də digər xəyallarım kimi gerçəkləşməməyə məhkumsan…
Mən gerçəyi tanıdım, xəyalı tanımadım, mən doğru olana inandım, xəyallara inanmadım…
Xəyallarıma olan inamsızlığı, içimdə yaşatdığım ümidsizliyim məni kədərin qurbanı etdi, sevincdən məhrum edərək, göz yaşalarımla tək buraxdı…
O – sənin istədiklərin xəyal idi, mən istədiyimi xəyallarımda canlandırmaqdan qorxdum, sənsə gerçəkləşdirməkdən qorxdun, gizli qorxularımız bizi xəyallarımızdan asılı etdi…
Xəyalı yaşadarkən günahsız olsaq da, özümüzü nədəsə və kiminsə önündə günahkar bildik, mən xəyallarımdakıları cəsarət tapıb canlandırarkən, sənsə onları gerçəkləşdirərkən, günahkar olduq öz istəklərimizdə – öz mənəvi aləmimizdə, gerçək aləmdə – cəmiyyət içində günahkar qəbul olunmasaq da…
Sən xəyal oldun, mənsə gerçək, bir – birimizdən uzaq düşdük, mən doğru oldum, sənsə yalan, yenə də bizi sözlər ayırdı…
Sən röyalarındakı dünyanda idin, mənsə gerçək dünyamda yaşayırdım, biz yenə də birgə ola bilmədik, istəklərimiz fərqləndi…
Sənin istədiyin mənim gerçək dünyama zidd və yad idi, mənim istəklərim isə sənin röyandakı dünyana – xəyallarına zidd və yad oldu… Bizi birləşdirəcək ümumi bir amil – məqam – məkan – səbəb olmadı, yenə də…
Mənim zənn etdiyim bizi birləşdirəcək amillər sənə qeyri – adi və mənasız, məntiqsiz gəlirdi, sən o amilləri ciddi qəbul etmədin, sənin amillərin də mənim dünyama daxil ola bilmədi, bu dünyamdan tam fərqləndiyi üçün…
Mən gerçək məqamla yaşayırdım, mənim məqamlarım bitirdi, geri dönmürdü, tükənirdi, sənin məqamın isə  bitmirdi, geri dönürdü sən istəyəndə, tükənməzdi…
Biz fərqli dünyanın varlıqları idik, mənim məkanıma sən sakin olmaq istəmədin, qonaq kimi bu dünyama da gəlmədin, mənsə sənin məkanını özüm üçün çox dar hesab etdim, biz yenə də bir – birimizi anlamadıq…
Mən gerçək olub sənlə düşmən münasibətləri qurmaq istəməsəm də, sən güzəştə getmədin, qurbanlar verməyə razı olmadın… Mən də inad etmədim, biz son qərara gəldik, dünyalarımızın fərqli olduğunu nəzərə alıb ayrıldıq…
Sənsə, mənim gerçək varlığımda olan kiçik xəyallar dünyasında yaşadın, bu dünyanı səndən ilk ünsiyyətimiz zamanı səndən xəbərsiz almışdım, səndən mənə qalan tək bu kiçik bir xəyal dünyası idi, mən səni bu dünyada yaşatdım, mənə əziz və doğma olduğun üçün, yenə də sənin bundan xəbərin olmadı, kiçik xəyal dünyamızda xəyal olaraq qaldın, gerçəkləşmədin, mənsə sənin dünyanla təklikdə qalıb xəyallarımla yaşadım, zahirən gerçək dünyamla fəxr edib gülür, sevinir, xoşbəxt olduğumu göstərir, bacardığım qədər rola girir, səndən öz gerçək varlıq, dünyam və istəklərimi gizlədirdim, içimdə isə ağlayır, yarama məlhəm axtarır,  kədərlənir, bədbəxt idim… Sənsə bunu bilmirdin, çünki sən xəyal idin, gerçək deyildin, səni mən uydurmuşdum həyatımdakı darıxdırıcı məqamları, içimdəki boşluqları doldurmaqçün… Məni bağışla…
Отправить комментарий