2/23/2016

Vəsiyyət edirəm bu gündən…

12640424_1549632762013646_1562971873089590549_o
Foto: Nəriman İsmayılov
Həyatın işini bilmək olmur, bəlkə bu gün öldüm, bəlkə də sabah…
Vəsiyyət edim bu gündən, gec olmamışkən…
Vəsiyyət edirəm, ağlamayın yoxluğuma, ağlayanın dalınca gələcəyəm, rahat buraxın məni o dünyada…
Vəsiyyət edirəm bu gündən dalımca danışmayın, çəkməyin adımı, deməyin həyatda necə olmuşam, onsuz da öləndən sonra da dalımızca pis danışırsınız, söyürsünüz… Sadəcə susun…
Basdırmayın məni torpağa, sağlam daxili orqanlarımı verin donor kimi, satmayın amma… Sonra krimatoriyada yandırın məni, cəsədim olsun toz-kül halında…
Yas məclisi qurmayın, ehsan verməyin, dua oxunmasın mənə… Vaxtınıza və pulunuza qənaət edin…
Haqqınızı istəsəniz, halal etməyin… Haqqınızın halal olmasını istəmirəm bəlkə… Cəhənnəmdir yerim… Xilas etməz yerdəkilərin duaları, haqqları, göz yaşları…
Qızıma vəsiyyət edirəm yazılarımı, müəllif hüquqlarımı… Qızıma qədər olacaq hüquqlar atamda…
Nə pulum varsa, olacaqsa, borcları bağlayın… Nəsə qalsa, verin qızıma…
Bir də ki, sağlığımda ayaq altımı qazanlara, paxıllayıb, özünə məni rəqib görənlərə deməyin ki, mən ölmüşəm…
Nə qədər az adam bilsə, bir o qədər yaxşıdır… Az adam salar yadına… Üzülmərəm kiminsə mənə görə üzülməsinə…
Qızıma yaxşı baxın, xoşbəxt, sağlam olsun, yoxluğumu hiss etməsin… Unutsun hər kəs məni… Like etməyin ölümümü, status paylaşmayın, qrup yaratmayın adıma, yazılarımı paylaşmayın qruplarda, əbədiləşdirməyin yaradıcılığımı, sitatlar gətirməyin, sözlərimi çevirməyin aforizmə, çəkməyin selfi cəsədimin önündə, virtual və real həyatda  baş sağlığı verməyin, səbr diləməyin yaxınlarıma…
Sadəcə susun… Səsiniz gəlməsin o dünyaya… Rahatca cəhənnəmdə burdakı əzabımın davamını çəkmək istəyirəm, tənha qalmaq, ağrımaq, ağlamaq istəyirəm…
Ölüm mənim ölümümdür, doğmanızın deyil, mənsə yadam hamınıza…
Vəsiyyət edirəm, çıxardığım kitabları mən öləndə yandırasınız., oxumayasınız, ölməyimə səbəbi bu kitabda axtarmayasınız…
Vəsiyyət edirəm, müzakirə etməyəsiniz kimliyimi, kimə nə etdiyimi…
Yetər yalan, böhtan, söz-söhbətlər, intriqalar, onların əlindən razıyam tezliklə ölməyə, buradakı çoxluq təşkil edən insanlardan uzaq olmağa tələsirəm…
Qınamayın məni, sadəcə vəsiyyətimə əməl edin… İnciməyin məndən, bu mənim xahişim, istəyim, tələbimdir…
Отправить комментарий