2/19/2016

Təsəvvür edirəm…

Təsəvvür edirəm, bu gün doğulmuşam, anamın qucağındayam, yuxuya gedirəm ana südünü içəndən sonra…
Təsəvvür edirəm, uşağam hələ, böyüməmişəm, böyümək istəmirəm…
Təsəvvür edirəm, 20 yaşım var, artıq sərbəst həyata atılmışam, bir az azadam, böyük olub, uşaqlara baxıram, yenidən uşaq olmaq istəyirəm…
Təsəvvür edirəm, hündür bir zirvədəyəm, özüm qalxmışam, arxamda kimsə və ya nəsə var, məni aşağıya itələyib salmaq, yıxmaq istəyir…
Təsəvvür edirəm, yatmışam, yuxu görürəm, rəngli yuxu, gerçəkləşəcək yuxu, yuxunun içində yuxu, orada da təkəm…
Təsəvvür edirəm, önümdə dayanıb killer, əlində avtomat, məni öldürmək istəyir, düşmənlərim ölümümü sifariş veriblər ona…
Təsəvvür edirəm, dörd barmaq arxasında qaranlıq otaqda, kiməsə fikirlərim, yazılarım nədənsə xoş gəlməyib…
Təsəvvür edirəm, güdürlər məni, səhvimi tutub məndə, sonra susdurmaq üçün şantaj etmək istəyirlər…
Təsəvvür edirəm, kimlərsə məni ilahiləşdirib, müqəddəs sayır, sanki onların “peyğəmbəriyəm”…
Təsəvvür edirəm, məni qaçırdıblar, amma əvəzində nə tələb edəcəklərini hələ bilmirlər, bildiyim odur ki, gec-tez peşiman edəcəyəm onları…
Təsəvvür edirəm, dəli damğasını vuraraq mənə, salıblar dəlixanaya, guya ruhi xəstəyəm, onlar kimi deyiləm deyə…
Təsəvvür edirəm, yerli xəstəxanadayam, hələ diaqnoz qoymayıb, səbəbini bilmirlər, klinik ölüm keçirirəm…
Təsəvvür edirəm, ruhum bədənimdən çıxıb, dünyada səyahət edir, getmək istədiyim yerlərdəyəm, müşahidə edirəm…
Təsəvvür edirəm, ölmədim, gözlərimi açmışam, dəyişmişəm, əvvəlki insan deyiləm…
Təsəvvür edirəm, yenidən doğulmuşam, yeni bir hiss yaranıb məndə, 6-cı duyğu, insanların fikrini, istəklərini oxuya bilirəm…
Təsəvvür edirəm, yenə də Əzrail kəsdirib başımın üstünü, canımı almaq istəyir, Şeytan isə qəlbimi istəyir…
Təsəvvür edirəm, ölmüşəm, o dünyadayam, seçim edirəm, hara düşməyi, cənnəti, ya cəhənnəmi?
Təsəvvür edirəm, o dünyadan bu dünyaya baxmağımı, dalımca kimlər nə sözlər deyir, hamısın var xəbərim…
Təsəvvür edirəm, bu dünyamız boşalıb, insanlar qalmayıb, tükənmişlər, dünyamız dağılıb…
Отправить комментарий