2/19/2016

Əslində, mən… Mən hələ də səni sevirəm…

Musiqi notları, ritmi, sən, alaqaranlıq otaq, sənin isti nəfəsin isidir məni, ürəyinin tez-tez döyünməsi, səssizliyi bölən pıçıltın-“Səni sevirəm” və əlinin musiqiyə uyğun hərəkəti, təmasın, mən əriyirəm, bu deyildirmi arzuladığım?! Seçdiyin musiqinin sədaları altında rəqs edirik… Mənsə, içimdəki Günel ilə ünsiyyətdəyəm… Səndən xəbərsiz dialoq gedir aramızda, əslində otaqda tək deyilik, sən, mən və o-içimdəki səs, birlikdəyik… Mən sənin gözlərinin içinə baxaraq, deyirəm özü özümə: “Sən istədiyim insansan deyəsən…” Sonra içimdəki səs müdaxilə edir fikirlərimə: “Yox! Dayanmalıyam, oyanmalıyam, yuxu görürəm… Belə kişi qalıb görəsən?!” Özüm özümə deyirəm, içimdəki səsi dinləyirəm: “Səni sadəcə istəyirlər… Sevmirlər… Onlar ehtirasın qurbanıdırlar, onlar gözəlliyinə vurulublar, ötəridir, şəhvətdir, itələ, qoyma toxunsunlar sənə, qəlbinə və ağlına toxuna bilməyən, ruhuna oxşaya bilməyən birisi toxunmasın sənə fiziki cəhətdən…” Bu yerdə kövrəlirəm, səni itələyirəm, “sevmirəm, sən lazım deyilsən mənə, sənsiz xoşbəxtəm” deyirəm sənə… Sən inciyirsən, gedirsən, birdəfəlik gedirsən… Mənsə… Mənsə, əllərimlə üzümü tutub, hönkür-hönkür ağlayıram, amma səssizcə, sən eşitməyəsən və dönməyəsən deyə…
Tələsərək gedirsən, pilləkanları necə tələsik düşdüyünü eşidirəm, susuram, arxanca baxmıram, sanki belə də olmalıdır… Əsl sevən sevdiyi insanı buraxmağı bacarmalıdır… Gedəni saxlamazlar axı…
Sən siqaret çəkməzdin, bilirdin ki, iyini götürə bilmirəm, məni düşünürdün bir zaman… Məndən gizlin çəkərdin siqareti… Dərdini də, məndən gizlincə çəkərdin… Vicdan əzabını da, məndən gizlədərdin…
Mənim də səndən gizlətdiklərim çox şeylər vardı… Məni çox adam “sevirdi”, “istəyirdi” sən nə sonuncusan, nə birinci, nə də yeganə… Bir sevgini ancaq yeni bir sevgi unutdura bilər… Bu qanunu bilirsən, sən məndən daha yaxşı… Onu da bilirsən ki, mən çox kişilərin arzularının qadınıyam, sən qədrimi bilməsən, başqası hökmən biləcək…Özümü aldadıram, özümə təsəlli verirəm, fikir vermə… Bilirsən ki, mən də insanam, bütün insanlar axı hər zaman axtarışdadırlar…
Sən gedəndən gözəl rəqs etməyi öyrənmişəm… Boş vaxtlarım olanda rəqs edirəm özümlə, tez-tez keçirəm güzgünün önünə, özümlə danışıram, özümə vaxtım qalır deyəsən… Sən gedəndən çox şeyi öyrəndim… Tənhalığımda özümü dinləməyi öyrəndim…
Öyrəndiklərim…
Bəzən yalan danışmaq və ya nəyisə deməyib, susmaq lazımdır… Bəzən isə başlanğıca son qoymaq lazımdır…
Bəzən isə qovmaq lazımdır, bir zaman həyatına dəvət etdiklərini…
Bəzən güclü olduğunu göstərmək lazımdır…
Bəzən rola girmək, maska taxmaq lazımdır…
Bəzən peşiman olmaq lazımdır ki, itirdiklərini dərk etdiyini qəbul edəsən…
Bəzən üzr istəmək istədikdə, bunun əvəzinə, lap ağır zərbə vurmaq lazımdır ki, incisinlər səndən, uzaq dursunlar, dəyməsinlər sənə… Ən yaxşı müdafiə hücumdur axı…
Səndən öyrəndiyim çox şeylər var, həyatda kömək edir mənə, xilas edir çətin anlardan, vəziyyətlərdən, həll edir problemlərimi… Sən mənə öyrətdin öz ayaqlarım üzərində durmağı, təkliyi, güclü olmağı, kişisi olan qadına öyrətdin, kişisiz yaşamağı… Təşəkkürlər…
Sən yanımda ikən özüm ola bilmirdim, daha yaxşı, daha ideal, mükəmməl olmağa çalışırdım, sən də məni mükəmməl insan sanırdın, ona görə də nöqsanlarımı gördükcə, məyus olurdun, uzaqlaşırdın… Axtarışa başlayırdın… Yeni sevgi axtarışına… Sən arxaya addım atdıqca, mən də arxaya bir addım atırdım, belə addım ata – ata uzaqlaşdıq bir-birimizdən, məsafələr böyüdü… Yadlaşdıq…
Sən məni dinə yaxınlaşdırdın, sən gedəndən sonra dindən də uzaqlaşdım, Allahdan da incidim… Allah məndən inciməsə də… Allah məni sevməyə davam etsə də…
Birgə xatirələrimiz yadına düşdükcə, zəng edirdin, yazırdın mənə ismarıc, sanki heç nə olmamışdır…
Bir bəhanə axtarırdın mənlə danışmağa, səsimi eşitməyə…
Mənim dərin baxışlarım və səmimi gülüşüm, baxışlarımın qəlbimin aynası olmasını, təbiiliyimi sevirdin məndə… Bir də ki, gözəl simamı, vücudumu, ehtirasımı… Odda yanmaq istəyirdin, çünki sən hava və torpağın vəhdəti idin, havan qızışdırırdın odumu, ehtirasımı, beləcə torpağını qızdırırdım odumla… O torpaq sənin qəlbin idi, hava isə ağlın…
Yaram böyükdür, təzədir hələ… Sağalmır, zaman da sağaltmadı o yaranı, başqa insanlar da…
Neyləyim axı… Səni həyatımdan özüm qovsam da, hələ də səni sevirəm… Sənin yanında həm xoşbəxt idim, həm bədbəxt, biz o qədər fərqli dünyanın adamlarıyıq ki, alınmır bizimki… Bağışla, bunu gec də olsa, anladıq ikimiz də…
Yeni həyata başlayıram, guya, hər gün, amma hər yerdə sən varsan! Hər yerdə sevgim var…
Sevməyəcəyimə söz vermişəm… Bacarmıram, sevmək istəyirəm, sevilsəm də, sevə bilmirəm… Tilsimləmisən məni ki, sən getsən də, səndən başqa kimisə sevə bilməyim…
Unuda bilmirəm, sözünün üstündə durdum, doğum günün idi, ilk rəqsimiz idi, sən məni qucaqlayıb dedin: “Я люблю тебя до боли и слёз”…Gerçəkdən də, sevgin, sevgimiz ağrılı oldu, göz yaşları ilə doldu… Tükənməzdir və tükənmir nə ağrı, nə göz yaşı, sağalmır vurduğun yaralar, pozulmur xatirələr, unudulmur ölmüş arzular…
10418209_1628523464057060_8826002093223724425_n
Отправить комментарий