2/19/2016

Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu…

Bu yazı Paritet qəzetinin 11-12 may 2004-cü il buraxılışında dərc edilmişdir.
İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür.
Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi?
Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini və mənasını itirməmiş və gündəmdə qalmaqdadır:
“Sevgi- çox dözür, güzəştə gedir, paxıllıq etmir, yüksəkliklərə qaldırmır, fəxr etmir, həqiqətə göz yummur, özünküsünü axtarır, qıcıqlanmır, qısqanmır, pis fikirləşmir, yalana sevinmir, həqiqətə həmdəm olur, hər şeyi örtür, hər şeyə inanır, ümid edir, hər şeyə dözərək bağışlayır. Sevgi- heç vaxt əl çəkmir və bezmir!”
Sizin sevginiz bu şərtlərə uyğundursa, deməli əsl sevgidir və sevməyi bacarırsınız, əks halda sevginiz və sevdiyinizi iddia etməniz qondarmadır.
Bəzən biz elə düşünürük ki, biz düzgün addım atırıq, münasibətlərimiz isə əladır. Heç kim bizə yaşamağı öyrətməməlidir.  Amma bu heç də əmr və hökm deyil, sadəcə bir baxışdır, subyektiv baxış və tövsiyyədir. Sevdiyiniz şəxslə münasibətlərə nə mane olur və nə onu dağıdır?!
  • Qəddarlıq – sevgi üçün qəddarlıq olan yerdə yaşamaq çətindir. Belə ki, sevgi ilə qəddarlıq iki əks anlayışlardır. Siz yaxşılıq etdiyiniz şəxsə nifrət edə bilərsinizmi? Ya da ki, bütün qəlbinizlə sevdiyiniz insana qəsdən ağrı bəxş edə və ya onu incidə bilərsinizmi? Real həyatda bu baş verir, özü də çox sadə şəkildə!Bəzən bu eqoizmlik, bəzən isə biganəlikdir. Fiziki güc tətbiq etmək, təhqir, söyüşlər, mənəvi və ya psixoloji təzyiq və təhdidlər, şantaj və s.
  • Antipatiya -Bəzən cavanlar bir-birilərini zahirən və sözdə sevir, bir-birilərinin qayğısına qalır, amma qəlbində hərdən və bəzən çox zaman antipatiya hissi oyanır. Onun tərəfindən atılan bəzi səhv addımlar bizi özümüzdən çıxarır, biz hirslənir, inciyir və nəhayət, nifrət edirik. Qəlbimizdə isə qarğış edirik. Antipatiya sevgini yaralayır, yaralanan sevgi müalicə edilmədikdə, məhv olur. Sevdiyiniz şəxsə, özünüzə yaxın bildiyiniz şəxsə münasibətdə təqir ediləsi söz və təhqir edəcək hərəkət etmək olarmı?
  • Uzaqlıq, soyuqluq-Bəzən biz yanlış olaraq düşünürük ki, bir az ara vermək, münasibətləri yeniləmək üçün istirahət etmək və müvəqqəti ayrı yaşamaq lazımdır, bəzən isə düşünürük ki, sevgimizi göstərmək üçün çox səmimiyik, açıq oluruq. Bununla biz qorxuruq ki, səmimiyyətimiz və açıq olmağımız bizim əleyhimizə bizə qarşı istifadə edilə bilər və bizi yaralayarlar bunu əlində silah etməklə. Uzaqlıq bəzən bizi emosional zədə və zərbələrdən qoruyur. Amma biz etibar etmədiyimiz, səmimi olmadığımız, qapandığımız, tam açıla bilmədiyimiz insanı sevə bilərikmi?
  • Etinasızlıq -Bu daha çox yaxşılığı qiymətləndirməməyə, qədir bilməməyə bənzəyir. Biz münasibələri nəzərdə tutulduğu kimi qəbul edirik. Biz münasibətləri nəzərdə tutulduğu kimi qəbul edirik, ictimai şəkildə, halbuki fərdlər fərqlidir, yanaşma, fikirlər də fərdi və fərqli ola bilər. Əslində biz fərdi və fərqliliyi qəbul edib, onu olduğu kimi qəbul etməliyik. Sonra o daha uzağa gedir. Çox dözüb, bağışlamaq istəyimizdən sui-istifadə etməyə çevrilir. Biz xoşlayırıq ki, mənəvi və emosional sferada olan ehtiyac və problemlərə etinasız yanaşaq, madiyyatı təmin edək. Sevdiyimiz şəxsin xahişini yerinə yetirmək imkanına malik olduğumuz halda, onu yerinə yetirməyəndə, o bizim münasibətlərimizi yaralayır, etibarı və sevgini kökündən məhv edir.
  • Həsəd və rəqabət, bəhsəbəs– İnsan sevdiyi insana həsəd apara, onunla sağlam olmayan rəqabət apara, bəhsəbəs edə bilərmi?Bunlar qeyri-səmimi hərəkət və hisslərdir, qeyri-səmimi və qeyri-sağlam hər bir amil sevgini məhv edə bilər. Sevgi təbiilik, səmimilik və sağlam düşüncə və həyat tərzi, yanaşma tərəfdarıdır. Uğur, maliyyə vəziyyəti, mənəvi zənginlik, fərdi və fərqli olmaq, digər insanların üstünlüyü və nailiyyətləri hər zaman paxıllığın obyektləri olmuşdur və olacaq da. Paxıllıq yalnız o zaman rahatlanır ki, heç kimin əlinə düşməməsi üçün səndə o9lan hər bir şeyi məhv edir. Sevgi isə başqasının uğuruna və müvəffəqiyyətinə, pozitiv hər şeyə sevinir. Müasir cəmiyyətdə paxıllıq keçicidir. O əksər parçalanma və ayrılmaların əsas mənbəyidir. Rəqabət və bəhsəbəs də qeyri-sağlam hərəkət və davranışdır və dağıdıcıdır.
  • Qürur-Qürur olan yerdə sevgi ola bilməz, qürur pozitiv hər şeyi bir anda məhv etmə gücünə malik olur, dağıdıcıdır, qürur ağılın və qəlbin, vicdanın ən böyük düşmənidir. Qürur insanlarla münasibət quran zaman ən böyük maneədir.
  • Qısqanclıq-Qısqanclıq zəiflik, özünə güvənməmək, inanmamaq, özünü sevməməkdən yaranır, özgüvəni olmayan, özünü sevməyən insan başqasına necə güvənə, inana, başqasını sevə bilər?!
  • Yalan və xəyanət – Yalan və xəyanət bir dəfə imkan yaranan kimi üzə çıxan zaman dəfələrlə təkrarlanır, yəni təkrarlanmaq xüsusiyyətinə malikdir. Bir dəfə yalan danışan, xəyanət edən şəxs bunu dəfələrlə edəcək, asılılıq yaradır yalan da, xəyanət də, narkotik və digər pis vərdişlər kimi elə asılılıq yaradır ki, imtina etmək çətin olur, iradəsizlikdəndir, zəiflikdəndir. Bir dəfə göz yuman, unudan, bağışlayan insan dəfələrlə bu təkrarlanarsa, bezəcək, sevgi isə inciyib üz döndərəcək.
Sevgimizin normal mövcud olmasına mane olan əsas səbəb və üsullarla tanış oldunuz. Onlar əzəldən sevgidən kənar duran bəzi hisslərlə zəhərlənir.
Əsl sevgini və gerçəkdən sevdiyinizi dərk etdikdən sonra  sevfiklərinizi və sizi sevənləri bu amil və üsullardan uzaq tutun. Özünüzə rəva bilmədiklərinizi başqasına rəva bilməyin! Həyatda pislik də, yaxşılıq da bumeranq kimi geri qayıdır. Nə qədər qaçsan da, səni gəlib tapacaqdır. Özünüzü aldatmayın!
Отправить комментарий