2/19/2016

Qardaşımdan öyrəndiklərim


Fuad.jpg
Qardaşım Fuad, adının mənası qəlbdir, həqiqətən də doğru seçilmiş addır, adınla böyümüsən…
İndiki dövrdə mehriban bacı qardaş tapmaq çətindir, bizi isə valideynlərimiz elə tərbiyə etmişdir ki, dalaşsaq da, küssək də, mübahisə etsək də, həmişə doğma olduğumuzu unutmazdıq, aramızdan nə külək əsə bilərdi, nə də su axa bilərdi…
Sən məndən yaşca böyük olduğundan nümunə idin mənim üçün, çox şeyi sən mənə öyrədirdin, çox şeyi səndən xəbərsiz özüm öyrənirdim…
Həddən artıq geniş qəlbə, tolerant, demokratik baxışa malik olan bir qardaşsan… Çox sağ ol, buna görə…
Genetik amilləri də nəzərə alsaq, səndən yaradıcı olmağı, yazmağı öyrəndim…
Səndən kitab oxumağı, mütəliə etməyi, kitab almağı sevməyi öyrəndim…
Səndən öz fikrinin olmasını, tənqidi yanaşmağı öyrəndim…
Məntiqimi inkişaf etdirmək üçün hər dəfə sənə uduzsam belə, şahmat oynamağı, udub-uduzmağı qəbul etməyi öyrəndim…
Səndən domino oynamağı öyrəndim, domino daşlarının sayəsində rəqəmləri sevdim, hesablamağı, riyaziyyatı sevdim…
Sən hüquqşünas idin, mənsə mənə çoxlu sual verməməyin və məni savadsız çıxartmamağın üçün humanitardan uzaqlaşıb, iqtisadiyyatı sevməyi və seçməyi öyrədim…
Hüquqlarımı, azadlıqlarımı öyrətdin mənə, qanunu və vətəni, dövləti sevməyi və metodoloji bazanı anlamağı, yazmağı və öz sahəmin peşəkarı olmağı səndən öyrəndim…
Səndən sağlam həyat tərzini, gəzintiyə çıxmağı öyrəndim…
Sənin sayəndə şirniyyatı sevdim…
Sənin sayəndə velisoped sürməyi, idmanı, futbolu, formula 1 sevdim…
Sən mənə intellektual olmağı, tənqid etməklə, təhsil almağı, həyatda nəyəsə nail olmağı və kimdənsə asılı olmamağı öyrəndim…
Sənin sayəndə filmləri sevdim, cizgi filmlərini sevdim…
İlk dəfə teatrlara və tamaşalara sənin və atamın iştirakı ilə getdim, mədəniyyətimizi, incəsənətimizi sevdim…
Ən əsası səndən xəbərsiz gizli olaraq, kitablarını oxuyub maarifləndim, nadanlıqdan uzaqlaşdım…
Mənə intellektual oyunlar üçün verdiyin suala cavab tapsam da, tapmasam da, xoş idi, çünki bilmədiyimi öyrənirdim, bildiyimi təkrarlayırdım…
Səndən məktəbə, təhsilə bağlanmağı, mübariz olmağı, lazım gələndə susmağı, mədəni olmağı da öyrəndim…
Səndən qara yumoru, satiranı anlamağı və yaratmağı, cəsarətli olmağı, zarafat etməyi öyrəndim…
Sənin sayəndə hər sözün bir neçə mənası olduğunu, altmənalara fikir verməyi öyrəndim…
Ən əsası sən mənə əsl insan olmağı və pisi yaxşıdan ayırıb yaxşıların qədrini bilməyi və qorumağı öyrəndim…
Bütün bunlara görə sənə öz təşəkkürümü bildirirəm…

Отправить комментарий