2/19/2016

Onlar və Sən – sınmadıq DOSTUM?! 01-06/01/2007

Paritet qəzetinin yanvar 2007-ci il buraxılışında dərc edilmişdir.
Həyat çox çətindir, sənə asan görsənsə də, DOSTUM, həyat həm də gözəl və qısadır! Bilirəm buna görə də sən yaşamağa və bu gözəlliklərin hamısını görməyə tələsir, çətinlikləri görməməyə çalışır və asan görsənən həyatını yaşatmağa və özünü aldatmağa çalışırsan.
Həyatı anlayırsan, həyatında olan kəsləri isə anlamağa nə qədər çalışsan da, anlamırsan! Çünki həyatın bir üzü var, DOSTUM, o üzünü də görürsən! Həyatında olan kəslərin isə bir neçə üzü var, hər dəfə onların yeni bir üzünü görüb təəccüblənirsən, özünü tanıdığın qədər onları tanımırsan! Qazananda, qalib gələndə sənə titrəyən əlləri ilə verdikləri medalın da ikidən artıq üzü olmur, onun hər iki üzünü də görürsən, hər iki üzünü görmək sənə lazım olur, kömək edir, bir üzünü bəyənməyəndə, bəyəndiyin üzünə baxırsan, insanlarda isə üzlərin yaxşısını da, pisini seçə bilmirsən, çünki onlar tez – tez şəraitə, məkan və zamana uyğun olaraq dəyişir və insanlar rola girir, rəngbərəng gözoxşayan maskalar taxırlar, DOSTUM!
Çətinlikləri asan bilib, problemləri şişirtməyib həll edir, süni yaradılmış maneələri aşır, zərbələrin yerindəki sızıldayan yaraların ağrılarına dözür, özünü doğrultmaq və saydırmaq üçün mübarizə aparırsan, DOSTUM, amma bu zaman sən unudursan ki, o çətinliklərin, problemlərin, süni maneələrin, sızıldayan yaraların ağrıları da sənə nifrət edən çoxluqların əməlləri və əmək, vaxt itkisinin, birliyinin məhsuludur! Onlar birlikdədirlər, birləşiblər sənə görə, DOSTUM, sənsə, təksən, birləşmək üçün kimsən yoxdur.
Bilirəm, DOSTUM, sən təkbaşına o kəsləri axtarırsan, onları axtardıqca, onların az bir hissəsini tapırsan, faydası olmur, çünki onların sayı sənin axtarışda olduğun zaman artmağa başlamışlar və bu artım axtarışın bitəndən sonra da davam etməkdədir. Sən onların bir qismini tapanadək onlar o qədər artmışlar ki, sən artıq tək olduğunu, bu axtarışın mənasız olduğunu və bu axtarışdan bezdiyini anlayırsan! DOSTUM, sən yalnız özünə lazımsan!
DOSTUM, özün də mən sənə bunu deməmişdən öncə bilirdin ki, apardığın və qələbəsinə ümid etdiyin hər mübarizənin də əvvəli də, ortası da, sonu da sənin vaxtını əlindən alır, sən hər şeydən dəyərli vaxtını xoşbəxt yaşamağına, sevinməyinə deyil, o kimlərinsə nələrinəsə qarşı apardığın əbəs mübarizəyə sərf edir, uduzursan!
DOSTUM, bu vaxtadək sən insanlara olan sevgində qənaət etmədiyin kimi o çoxluqlar da, sənə və sənin kimi azlıqda olanlara yaşatdıqları nifrətdə də qənaət etmirlər.
DOSTUM, sən xeyir işə doğru bir addım atanda, onlar şər işə doğru üç iri addım atıb səndən önə çıxırlar. Bu gerçək vəziyyətlə rastlaşanda aciz olduğunu anlayırsan, sonra özünü aldadırsan ki, onlar bu mübarizədə qalib gəldilər, bu son deyil, müharibədə sən qalib gələcəksən, amma bu yalan səni qələbəyə doğru aparmır.
DOSTUM, bu həyatda sənin üçün açılacaq gerçəkləri əldə edib, onları anlayanadək, çoxluqda olanlar sənin geri qaytara bilməyəcəyin və sənə məxsus olan nələri – vaxtı, sevinci, sevgini sənin əlindən alıb səni əliboş qoyurlar, sənsə, boş əllərinə baxıb acizlikdə aynanın önünə keçərək ağlayırsan!
DOSTUM, sən öncə özünü aldadaraq özünə aldanırsan, sonra da onlara aldanaraq özünü aldadırsan, yetər, özünü aldatma, onlara da aldanma, özünə inan, onları isə aldatmağı öyrən!
DOSTUM, onlar səni səndən almaq, sevginin qəbrini səninlə bərabər məhv etmək, sevinərək səpdiyin torpağı kədərlə qarışdırmaq, bağındakı gülləri tikanlıqlar və bataqlıqlarla əvəz etmək, qəlbini zəhərləmək, həyatını viran qoymaq, səni tənhalıq acısına düçar edib ağlatmaq istədilər, öncə bunu bacarmadılar, çünki sən tək deyildin, dəstək və köməyin var idi, ən azı bir addım onlardan öndə, onlar üçün əlçatmaz nöqtədə – zirvədə idin!
DOSTUM, onlar – zirvədəki yerini tutmaq istəyənlər çox oldular, öz aralarında fərqləndilər, kimisə açıq, kimisə gizli paxılladı səni, özünü səndən müdafiə etmək bəhanəsilə birinci sənə hücum etdilər, silahlanıb silahsız varlığını yer üzündən silmək istədilər, az da olsa, insanların qəlbindəki sənə olan sevgini, əminlik, inam, hörmət və etibarı şübhə altına alıb onların qəlbindən silmək arzusu ilə yaşadılar, sənsə, mətin oldun, sınmadın, uduzmadın!
DOSTUM, həyatının hər anında irəliyə doğru addım atdın, güzəştə getdin, qurbanlar verdin, bağışladın, barışdın, özünü dirçəltdin, dirçəldərək çoxluqları dirçəltmək istədin, öz gücünə və ağlına güvənib yüksəldin, yüksələrək onları yüksəltməyə çalışdın, özünü sevdikdən sonra başqalarını da sevdin. Sevərək sevildin, başqalarından sevginin bilmədiyin yollarını öyrənib onlara öz sevgini də öyrətməkdən boyun qaçırtmadın, özünü qiymətləndirdikdən sonra başqalarını da qiymətləndirib azsaylı şəxslər tərəfindən qiymətləndirildin, özünü yaşadaraq yaratdın, yaradaraq yaşatdın, sevinərək sevindirdin, amma çoxluqda olanlar bunları sənə çox gördülər, onları sənə layiq görmədilər, bu həyat yolunda sınaqlardan çıxsan da, üzüldün, məyus oldun, kənardan aldadıcı təsəllilərlə qarşılaşdın, yenə də sınmadın!
Pis və dar günündə az olmadı həyatında DOSTUM, o anlarında sən doğma, əziz sandığın insanlara üz tutub onlara sığınmaq, onlardan dəstək, yardım, sevgi istədin, onlar da səni məyus etdilər, səni zorla yalan danışmağa, gerçəyi danmağa məcbur etdilər, onlarla razılaşmayanda,  susmayanda, haqq – ədaləti bərpa etmək istəyəndə, güc tətbiq etdilər, mənəvi təzyiqlər göstərdilər, o anda sən hamıya nifrət etdin! Tanrıdan onlara etdikləri pisliklərə görə cəzalarını verməyini, özünə isə bütün bu pisliklərdən ölərək canını qurtarmaq üçün ölümü dilədin!
Yenə də mübarizə aparmadan sınmamaq istədin, amma bacarmadın, çünki bu mübarizə mənasız, əbəs yerə aparılacaqdı, dəstək olmayan yerdə, unudulanda, tənha olduğunu anlayanda, sənə nə səndə olan səbr, güc, dözüm, iradə və istək bu mübarizən üçün yetməyəcəkdi, mübarizəndəki əsas silahın – gerçəyin yaşadıldığı söz səni qələbəyə, zirvəyə aparmayacaqdı!
DOSTUM, etdiyin xeyir işə, əmələ görə minnətdarlığı gözləmədin kimlərdənsə, sənə bu işini şər kimi qələmə verib səni incitməmələri, sənə şər və böhtan atmamaları, yalan danışmamaları və Allahdan pis əməllərinə görə qorxmaları yetərli idi.
DOSTUM, ilk dəfə idi ki, kiminləsə dostluq etməyin mənasız olduğunu, özünə qapanıb insanlardan inciyərək ünsiyyətlərindən uzaqlaşmağın, susmağın yüksək qiymətə malik olduğunu anladın!
DOSTUM, bu dünyada sən özünə lazımsan, özün – özünə dəstəksən, artıq yalnız özünü sevməlisən!
DOSTUM, ÖZÜNDƏN, TANRIDAN, onun bəxş etdiyi İSLAM DİNİNDƏN və bunu yayan MƏHƏMMƏD PEYĞƏMBƏRDƏN və TƏBİƏTDƏN savayı, bu dünyada hər şey və hər kəs boşdur, vaxtını itirməyə – sərf edilməsinə dəymirlər, mənasızdırlar.
DOSTUM, bilirəm, çox dözdün, amma indi dözə bilmədin, sındın! Sındın ki, bu sınaqlardan sonra yeni güc, səbr, iradə, dözüm, istək və sevgi hesabına gerçəyini yaşatmağa davam edə biləsən, təbiiliyini qoruyaraq geriyə yapışdıraraq mənən bərkiyəsən, möhkəmlənəsən zahirən, ən əsası bu dəfə sındın ki, bundan sonra sınmayasan!
DOSTUM, bu dəfə sındın, məndən uzaqda, mənim dəstəyim olmadan, mənə xəbər versən belə, susduğumdan, tənhalığını anladığından sındın, güc birlikdə idi, o birliyi isə sən dost bildiyin şəxsdə – məndə görmədin, bundan sonra sənin yeganə dostun sən özün oldun, MƏNİ BAĞIŞLA!
DOSTUM, kömək, dəstək umduğun, lakin bu kömək və dəstəyi sənə qıyan kəslərə də minnətdar oldun, onlar səni qınasalar da, sən onları qınamadın!
DOSTUM, yaranan sükunət sənə gerçəyi anlamağa yardım etdi: “- Güc birlikdədir, o birlik isə dost sandığın kəslərdə yox idi, sən təksən və sən unudulmusan!!!”
SƏNİNLƏYƏM, ƏZİZ DOSTUM – YALNIZ OTAQDAKI AYNADA GÖRDÜYÜM ƏKSİM, BU SON SINMAĞIMIZDIR, SƏNƏ SÖZ VERİRƏM!
Отправить комментарий