2/19/2016

Məni zorlamayın… 18+


10847832_1628523390723734_730569709958329280_n
Ey insanlar, insanları, heyvanları, təbiəti zorlamayın…
Zorla gözəllik, sevgi, anlayış, hörmət, iş, tanışlıq, dözüm olmaz… Quyuya su tökməklə də quyu dolmaz…
Kişilər qadınları, qadınlar kişiləri zorlamayın, uşaqları, beyinləri, qəlbləri, vicdanları zorlamayın…
Kənar yerdə də düşmən axtarmayın, düşmən göz önündə, mən, sən, o, biz, siz, onlar, hamımız əslində bir-birimizə düşmənik, paxıllıq olan yerdə, həmrəylik olmayan halda, qeybət, şər-böhtan olduğu zaman, xoşniyyət, yaxşılıq olmayan qəlb və ağıllarda insan başqasını zorlayır, həm mənəvi dünyasını, həm də fiziki baxımdan…
Qadınlar dul qalanda, boşananda iş anketində ailə durumuna yazır ailəli, gizlədir ailədəki gerçək statusunu, yazmır dul və ya boşanmış… İctimai qınaq, əxlaqsız baxış, təkliflər, pisxislətli insanlardan qorunur, ehtiyat edir… İşləmək istəyir o, anketində gizlətdiyini müsahibədə yenə soruşurlar ondan, üz-üzə, göz-gözə, diz-dizə… Sənə mənim ailə statusum önəmlidir, bakirə olub-olmamağım, yoxsa bilik və təcrübəm?! Ehtiyat etməyib, doğrunu yazanlara elə baxırlar ki, sanki ikinci sortdu, yarımçıqdır, yazığı gəlirmiş kimi… Ya da əllərinə girəvə düşür, özlərini o qadına sırımağa, onu iş naminə nələrə qadir olduğunu bilmək üçün mənən də, fiziki baxımdan da zorlayır insanlar…
Azad qadın oldun, azad insan oldun zorlanırsan, seçilirsən… Başlayırlar səni pisləməyə… Niyə yaxşını görmürük insanda, niyə pisi axtarırıq, qadın öz biliyi və təcrübəsi hesabına önə gedəndə, nəyəsə nail olanda, deyirsiniz ki, “kiminsə fahişəsidir”, “hamıya verir mənə də versin”… Olmaz… Dayanın artıq…
Bakirə olsa da qadın, zorlanır, sonra atılır… Bakirə olmayan və artıq zorlanmış qadın susmağa məhkumdur, çünki günahkar həmişə qadındır… Qaçırdılan, zorla ərə verilən, satılan qadın da günahkardır sizin gözünüzdə, ictimai qınaq, alçaldıcı baxışlarınız, yersiz, əxlaqsız təkliflərinizlə zorlamayın bizi, yetər artıq!
Qadına hәr salam verәn 10 nәfәrdәn 9 nәfәrinin ona yataq tәklif etmәsi vә imtina edәndә zorlamaqla hәdәlәməsi, şәrlməsi də bizimkilərin işidir…
Evdəki halal qadınını, evdəki halal kişisini qoyub, kənar yerdə kimisə axtarıb tapan, əylənən, evdəki halalını psixoloji baxımdan zorlayan, üzən də içimizdəndir…
Qadının qadın olduğunu bilən yanıq kişilәrin mәnәvi vә psixoloji zorlamaları da, bizim kişilər tərəfindəndir…
İşə götürülən insanın bilik, bacarıq, iş təcrübəsi və peşəkarlığına deyil, bədəninə, fiqurasına baxan, onu “çılpaq” görən, gözləri ilə soyunduran da yad deyildir… Övladına baxmaq üçün, xəstə valideynlərini saxlamaq üçün iş axtaran tənha kişi və qadınlara da, iş əvəzində, ona intim təklif edən əxlaqsız insanlar da aramızdandır.
Qadın qadına dəstək olmalıdır, kişi qadını qorumalı, anlamalıdır… Bizdə isə əksinədir, qadın qadını şərləyir, satır, dalınca danışır paxıllıqdan, həmrəylik olmur dərd olan yerdə…
Kişilər tənha qadını zəif bilər, düşünər ki, kişiyə möhtacdır, kişisiz qadın çökər, məhv olar… Yanılırsınız! Kişisiz qadın daha xoşbəxt, sağlam, uğurlu, azaddır, nə istədiyi biləndir…
12-16 yaşlarında qız uşağına kəbin kəsdirən, onu siğə etdirən, satan, zorladan da onun ailəsindəki kişilərdir, pul qazanmaq üçün qızını, arvadını önə verən və fahişəliyə sürükləyən də onun ailəsi, cəmiyyətdir… Yoxsa 12-15 yaşında bakirә qızını pulla satıb siğә, yaşlı kişi vә xarici әrә qurban verәn ata, qardaşlar da bizim kişilərdən deyildir?!
Geyimə görə qadına qiymət verən və onu öz meyarları ilə ölçüb əxlaqsız bilən, onu hər mənada zorlayan da, dar düşüncəli, öz fikri olmayan, paxıl və əxlaqsız insanlardır…
Cavan qız işə düzələndə, ona tamah salan, yolda, ictimai nəqliyyat vasitələrində imkan düşən kimi bir-birini əlləşdirən, imkan olsa, zorlamağa çalışan da insanlardır…
Heyvanları da, uşaqları da zorlayan insanlardır…
5 yaşlı uşağa tamah salan, onu zorlayıb öldürən, sonra basdıran da bizdəndir…
Orta məktəbdə qızı məktəb yoldaşı olan 4-5 oğlan tərəfindən zorlayan və sonra da qıza əxlaqsız damğası vurulan, günahı qızda görən, başqalarının şəxsi işinə girən və hər kəsə “fahişə” damğasını vurmağa çalışan da kənarda deyil, içimizdədir…
Sevdiyimizi iddia etdiyimiz qızı da yatağa salmaq, sevdiyimiz kişini yatağa salıb, hamilə qalmaqla, ərə getmək istəyənlər, bizim kişilərdən qaçan və xariciyə ərə gedib, başını götürüb qaçanlar da kənardan deyil, özümüzdəndir…
Valideynlərimizi bəyənməyən, onları sevməyən, tənha qoyan, atan, qocalar evinə aparan, evindən qovanlar da kənardan deyil, özümüzünküdür…
Qumarda evinin qadınlarını da uduzan, bir dozalıq narkotika, araq, spirtli içki üçün qadınını bir gecəliyə satan da bizim kişilərdir axı…
Övladını istəməyən, küçəyə atan, satan valideyn də, övladını psixoloji baxımdan zorlayan, ölümlə üz-üzə qoyanlar da bizdəndir axı…
İşindən çıxarılmamaq üçün işdə hər işgəncəyə dözən, evdəkiləri məyus etməmək və işsiz qalmamaq üçün hər cür haqsızlıq və zorlanmalara məruz qalanlar da, onları buna məruz qoyanlar da bizdəndir…
Boşanan, zorlanan, dul qalan qadınlara potensial “fahişə” kimi yanaşan və ona gündə 100 dəfə əxlaqsız təklif edənlər də, buna göz yumanlar da, bizdəndir…
Zorla, iradəsinə zidd boşananlar, boşanılanları, dul qoyulanları demirəm artıq… Susuram artıq… Bunun adı insansızlıqdır…
Övladını oğurlayıb, onun orqanlarını, özünü satan da, xariciyə çıxardan da, bizdəndir…
Qadın hər zaman işlədiyi zaman, işlədiyi yerdən asılı olmayaraq, fahişə olacaqdır başqaları üçün… İstər olsun əsl fahişə, istər olsun, tv aparıcı, istər ofisiant, süpürgəçi, istər bank işçisi, istər müğənni… Fərq etməz, işləyirsə, pul qazanırsa, ev alırsa, maşın alırsa, hökmən onun “saxlayanı” var, fahişədir… “Qadın işləyə bilməz, qadın öz puluna nəsə ala bilməz”, düşünür çoxları… Bu fikirlə də zorlayırlar mənəvi baxımdan insanlar insanları…
Məni,  onu, bizi zorlamayın… Nə beynimizi, nə cismimizi, nə ruhumuzu, nə də ki, bədənimizi, ağlımızı, vicdanımızı…
Gənc kadrlara yol verməyən, köhnə baqajlı, savadı olmayan və aqressiv, mühafizəkar, avtoritar hakim olan insanlar da kənardan deyil… Ölənədək öz yerlərini qorumağa çalışan, özünü gəncə tay tutan, gəncdən üstün bilən, öz dilini bilməyən və bununla fəxr edən də bizdəndir…
Yetər artıq, zorlamayın, susun artıq, indi bizim dövrümüzdür, yolumuzu seçmişik biz, biz qoymarıq bizi kimsə zorlasın yenə…
Unutmayın zorlananlar da, zorlayanlar da, zorlamağa yönləndirənlər də yadlar deyil, bizdən olanlardır… Çox heyif…
Отправить комментарий