2/19/2016

Məni qınama…

diplom 33 002

Məni qınama, əsla… Qınayan çoxdur məni, yetər mənə…

Atama verdiyin sözü unutdun,  söz vermişdin ki, məni tərk etməyəcəksən, sevəcəksən, qoruyacaqsan, xoşbəxt edəcəksən… Bu sözünə əməl etmədin, bağışladım, göz yumdum, dağıtmadım ailəmi…

Sənə görə vətənimi, dostlarımı, karyeramı, ailəmi tərk etdim, imtina etdim çox şeydən, qurbanlar verdim, güzəştlərə getdim, dəyərimi bilmədin mənim, borclu çıxartdın… Yenə bağışladım, səni sevirdim deyə…

Öz vətəninə dönəndə, tam başqa insan oldun, dəyişdin, hər kəsə inandın, danladın, qorumadın… Özüm özümü qoruduqca, müdafiə olunduqca, məndən uzaqlaşdın, qınadın, günahkar bildin, susdurmaq istədin… Yenə susdum, ayrılmadım, bağışladım…

Qadın olaraq haqqlarımı tapdaladın, azadlığımı aldın, istəklərimlə hesablaşmadın, arzularımı puç etdin… Dilləmədim, bağışladım…

Haqqımda olmayan şaiyələr buraxdılar, danışdılar dalımca, susdurmadın onları, əksinə məni günahkar bildin, onları tanıdığın halda, onlara inandın, məni əzdirdin… Yenə də susdum, kişimdir mənim, ərimdir mənim, səhvini bir gün anlayar deyə, yenə bağışladım…

Döydün sənlə mübahisə edəndə, öz fikrimi söyləyəndə, susmaq istəməyəndə… Yenə də şikayət etmədim… Özümü günahkar bildim döyülməyimdə, bağışladım…

Söyürdün nəslimi, məni, təhqir edirdin… Yenə susurdum, sevirdim, bağışlayırdım…

Qardaşın içkili vəziyyətdə olanda, sənə deyirdi ki, mən fahişəyəm, məni boşamalısan… Yenə saldım içimə, gizlicə ağladım, dillənmədim, qardaşın idi deyə, onları müdafiə edir, yaxın bilirdin özünə… Aranıza girib iki qardaşı düşmən etməmək üçün göz yumurdum çox haqsızlığa, ittihamlara, məni söymələrinə… Sən də susurdun… Yenə bağışladım səni…

Dedilər ki, mən fahişəyəm, uşaq sənin deyil… Bu qədər toxundular, şərəf və ləyaqətimə… Guya mən Avropa ölkəsindənəm, müsəlman deyiləm, bizdə nigahdan öncəki intim münasibətlər adi haldır, səndən öncə yüz kişi görmüşəm, görürəm, guya sənə xəyanət edirəm… Onlara inanırdın… Halbuki hara getsəm, nə etsəm yanımda idin, birgə edirdik, birgə gedirdik… Sadəlövhlüyünü də sənə bağışladım, sevməyə davam etdim…

Oğul atası olmaq istədin, qızım oldu, dedin ki, məni də qızımla doğum evində qoyacaqsan, yenə bağışladım… Övladımla yad ölkədə getməyə başqa yerim yox idi deyə…

Dalaşdıqca, özümü öldürmək istəyirdim, səni sevirdim, sənlə həyatım cəhənnəm olsa da, vətən həsrəti, valideynlərimə etdiyim haqsızlıq məni bir yandan üzürdü, ölmək istəyirdim, sənin isə heç vecinə deyildi… “Kim nə deyər” düşüncəsindəydin… Yenə bağışladım…

Başqa kişilərin gözü düşdü mənə… Başqa qadınlardan söz göndərirdilər… Sənə bunu deyəndə, mənə inanmır, ittiham edirdin…

Evdarlığı öyrəndim, milli mətbəxinizi öyrəndim, dilinizi öyrəndim, milli geyiminizi geyindim, milli adət-ənənələrinizi qəbul etdim, qədrimi bilmədim, yenə narazı idin məndən… Sevdiyimi anlamırdın… Bunu sənə bağışlayırdım…

Sən sözdə sevirdin məni…

Hər dəfə hirslənəndə, mənə fahişə, əxlaqsız deməyin, məni içdən məhv edirdi, yandırırdı, gizlicə hər gecə ağlayırdım… Yenə də susurdum, ailəmizi qorumaq üçün…

3 dəfə körpə uşağımı əlimə alıb, səni tərk etmək istəyəndə, uşağı əlimdən alıb, evdən qovmağını da, unutdum, bağışladım…

Səndən xəbərsiz övladımı götürüb, iki dəfə evi tərk edəndə, qızına görə gəldin dalımca, danışdıq, dinlədin məni, sözdə anladın məni… Barışırdıq, dalaşırdıq, bağışlayırdım səni… Söz verirdin ki, hər şey yaxşı olacaq, dəyişəcək… Olmurdu, mən susub gözləyirdim, amma olmurdu, heç nə dəyişmirdi… Mən bağışladıqca səni, sən korlanırdın, hər şey daha da pis olurdu…

Evə gec gəlmələrinə, dostlarınla qonaqlıq, əylənmələrinə də, bir söz demirdim, gecə evə kişi dostlarını gətirməyinə də susurdum… Qızımla yataq otağından çıxmayıb, sakitcə ağlayırdım… Söz deyəndə sonra sənə, deyirdin dostlarındır… Dostların məndən önəmlidir sənə… Bunu da bağışladım…

Həyatında ilk yeri Allahın tuturdu, sonra valideynlərin, qardaşların, dostların, mənsə sonuncu yerdə idim, ailən sənə vacib deyildi, hamıdan axırda idi… Göz yaşları içində sənə deyirdim ki, bizdən başqa hər şey boşdur, dostların da, qardaşların da, dar günündə mən və anan olacaq yanında… Sən isə bunu qəbul etmirdin… Məni günahkar bilirdin, məni səhv etdiyimdə, səhv düşünməyimdə ittiham edirdin… Yenə bağışlayırdım…

Bir yandan namaz qılırdın, bir yandan yazışırdın başqa qızlarla, flirt edirdin, içki içirdin, evə gec gəlirdin, əl qaldırırdın mənə… Bunu sənə irad kimi bildirəndə, səni haqq yoluna çəkmək istəyəndə, üzümə nələr demirdin axı?! Buna da dözdüm, yad ölkədə sənlə, qızımdan və sənin anandan başqa kimsə yox idi… Məni sən yox, qızım və sənin anan çox sevirdi…

Mən sadəcə istəyirdim, məni anlayasan, sevəsən, qoruyasan, qədrimi biləsən mənim, hörmət edəsən, xoşbəxt edəsən məni… Olmadı, yenə də bağışladım səni…

Amma qızımla məni dar günümdə atıb getməyini, atamın üstünə bizi atmağını bağışlaya, unuda bilmirəm… Boşanacağımı deyəndə, gəlməyin, diz çöküb üzr istəməyin, bağışlanmağını diləməyinin nə faydası vardı axı?! Bütün etdiklərinlə mənim sevgimi öldürəndən sonra?! Toydan sonra nağaranın nə mənası var?!

Sən getdiyin gündən cəmiyyətlə, şaiyələrlə, tənhalıqla, kişisizliklə, kişilərlə, qadınlarla mübarizə apardım, özüm işləyib, öz ayaqlarım üstündə dayandım, qızımı saxladım, kimdənsə asılı olmamağa çalışdım, susdum, dərdimi kiməsə demədim… Bunu da çox gördün mənə… Öz vətənində ola-ola, məni tərk etdiyin halda, məni ittiham edirdin ki, sənə xəyanət edirəm, həyatımda çoxlu kişilər var, yatağıma salıram onları… Buna da göz yumurdum, içim özümü yandırırdı, çölüm özgəni…

Səni tərk etmək istəmirdim, sevgimi öldürmək istəmirdim, səni sevirdim, səni anlamağa çalışırdım, bağışlayırdım… Çünki çox sevirdim, bunu isə sən anlamırdın… Sevgi sözdə deyildir, əməldədir, əzizim…

Qızımı alıb apardın, qızımsız qaldım… Daha sevgiyə, ailə münasibətlərinə, kişilərə, insanlara inanmıram… Məndən sevgi istəməyin… Məni qınamayın… Yaşadıqlarımı yaşamamısınız… Mən yaşamısan son 5 ildən çoxdur… Odur ki, qınamayın, sevə bilmirəm, sevmək istəmirəm…

Bir gün gəlir, hər şey bitir, məhv olur, sevgi də, inam da, ümid də… Məni qınamayın…

Sən də məni qınama, səni çox və möhkəm sevirdim, səninlə birlikdə həyatımın sonunadək yaşamaq və birlikdə ölmək istəyirdim… Amma bunu sən istəmədin… Sənə mən lazım deyildim…

Sən o qədər eqoist atasan ki, övladının ana həsrəti, darıxmağı, sayıqlamağı, ağlamağına belə dözə bilərsən, sevirsən onu dəlicəsinə… Anasına verməyə belə razı olmazsan, anasını ayrıldığı, səndən boşanmaq istədiyinə görə övladı ilə cəzalandırırsan! Qorxmursan ki, mənim də, onun da göz yaşlarına görə cəzalanacaqsan? Qorxsaydın, uşağı anadan ayırmazdın… Qorxsaydın, anlayardın ki, qızımıza mən də lazımam, o, məni də sevir, ona məni əvəz edəcək başqa ana axtarmazdın…

Отправить комментарий