2/19/2016

Məndən sənə nə qaldı?!

Məndən sənə nə qaldı?! Səndən mənə qalanları unutmaq istəyirəm… Unutmaq istədikcə, unuda bilmirəm, üzür məni unutmaq istəyim…
Məndən sənə nə qaldı?! Özümdən soruşuram! Sənin əvəzinə cavab verirəm!
Yadındadır, ilk görüşümüzdə səndən ayrılıqla bağlı soruşanda, əlimlə ağzımı tutub, susdurmuşdun məni, qucaqlamışdın, demişdin ki, “sevənlər ayrılmaz, biz bilirik sevgi nədir, çox sevirik bir-birimizi, ayrılmarıq…”
Nə oldu bəs?! 6 ay keçmədi dediyin sözdən, ayrılmaq istəyi gündəmə gəldi, 3 il çəkdi nigahımız…
Küsürdük, dalaşardıq, sevənlərdə olur bunlar… Sonra isə barışardıq…
Deyirdin ki, “çox ehtiraslıyam, çox gözələm, unudulmazam, məni kimsəyə verə bilməzsən, yanımda olacaqsan” Sonda nə oldu bəs?!
Söndü ehtiras odumuz, öldü sevgimiz, nifrət aldı yerini, bir də ki, etibarsızlıq, qısqanclıq, paxıllıq, şər və böhtan!
Niyə qorumadın məni başqalarından, niyə sevmədin ölənədək, niyə ayrıldın, atıb getdin? Səni dəlicəsinə sevdiyimi bildiyin halda, dar günümdə, olmadın mənim…
Səhvini niyə gec anladın, niyə gec peşiman oldun, niyə unuda bilmədim etdiklərini, niyə barışa bilmədim səninlə, niyə bağışlaya bilmədim, bəlkə bir il sənsiz qızımla yaşadığım hər göz yaşıyla yuxuya getdiyim gecələrim məni möhkəmlətdi, o göz yaşlarım içimdə öldürdü sənə olan sonsuz sevgimi, ehtirasımı, pozitiv hisslərimi, arzu, ümid, inam, istəklərimi… Anladım ki, sənsiz də yaşaya bilərəm… Sənsiz ölmədimsə, həyatım davam edir, qızım və özüm üçün yaşamalıyam… Niyə sahib çıxmadın, kişisiz şəhərdə tək qalan və sevdiyin qadınına, övladına, atdın məni atamın üzərinə… Sanki atam borcludur bizə?!
Niyə axı, məni biganə insana çevirdin?! Şəxsi həyatı olmayan bir insan etdin?!
Niyə indiyədək unuda bilmirəm, niyə hələ də əzab çəkirəm, nifrət, sevgi və biganəlik içimdə hələ də mübarizə aparır bir-biri ilə… Qəlbim viranədir, yoxdur nəsə sağlam qalan, ona görə daha dinləyə bilmirəm qəlbimi, qəlb deyəndə, sevgi deyəndə, başqasını tap, ərə get, ana ol, deyəndə, kövrəlirəm axı?! Elə bilirlər istəmirəm! İstəyirəm, amma bacarmıram, ağlım, vicdanım, yaşadıqlarım, təcrübəm və qazandıqlarım, itirdiklərim, qoymur məni yenidən sevməyə… Qoymur insanlara inanmağa, yeni həyata başlamağa!
Elə bilirlər keyf edirəm, evə gec gəlirəm, keyfimdən, bəxtəvər başıma, sadəcə evə gedib, xatirələrimlə, özümlə, həyatımla, ağlım və qəlbimlə təkbaşına qalmaq istəmirəm… Özümü və hər şeyi unutmaq və unutdurmaq istəyirəm, özümə, sənə, qızıma, valideynlərimə… Mənsiz həyatınız davam etsin, istəyirəm… Onsuz da içdən, mənəvi dünyam çoxdan yanıb, kül olub, məhv olub, yaşayıram yaşamaq lazımdır deyə, özümü öldürmürəm ki, güclüyəm, eqom qoymur mənə intihar etməyə…
Həyatımda səndən öncə olanları, sənlə olanları, səndən sonra olanları bilə-bilə, əzab çəkdiyimdən xəbərdar olduğun halda, niyə qoymursan, tənha yaşayım?!
Sevgim, etdiyim güzəştlər, verdiyim qurbanlar…
İmtina etdiyim arzularım, işlə bağlı atdığım addımlar…
Məndən sənə ən böyük hədiyyə ən böyük sevgim, doğulan və səni seçən və səni daha çox sevən qızımızdır… Onu sev mənim yerimə… Unutdur məni, qoy əzab çəkməsin… Yenidən evlən, qoy başqasını anası bilsin…
Təki məndən uzaq dur, məni unut, cəhənnəmə çevrilmiş həyatımda mənə daha da əzab vermə!
Отправить комментарий