2/19/2016

Mən axı kiməm… 18+


12036772_10207819599955799_88407896465874985_n
Əslində, mən kiməm axı…
Mən uşaq vaxtından fərqli düşünən, yaradıcılığa, sevgiyə, təbiətə, fəlsəfəyə vurğun olan bir insanam…
Mən dəliyəm, ağlı oxuduqca, yazdıqca “qıcqıranlardanam”, dəli olduğumu gizlətmirəm, dəli olduqca, dəli edirəm hər kəsi…
Mən qan azlığı və allergiyanın nə olduğunu uşaq vaxtından bilən insanam… Qanım az olduğundan qanımı artıran hər nə varsa, yemişəm, içmişəm, peşiman deyiləm…
Allergik olduğum üçün çox yeməkdən məhrum olmuşam, həssas orqanizmim məhdudiyyətlər qoyurdu mənə…
Mən uşaq vaxtından şıltaqlığı içində yatan, odunu gizlədən, sakit bir insanam…
Mən kişiləri qanımı artıracaq qırmızı şəraba bənzədirəm, içirəm qanlarını, bitir, mənə isə təsir etmir, itirmirəm açarımı, ağlımı…
Mən kişiləri qəlyana bənzədirəm, beynin dumanlasın deyə, çəkirsən bir iki qurtum içinə, rahatlıq gəlir içinə, gözlərini yumursan… Sonra isə təsirini gözləyirsən, bütün bədənin yumşalsın, fərqli nəsə hiss edəsən, içini yandırsın deyə… Bəlkə yeni ilham pərisi, yeni mövzu, yeni duyğu və fikir, ideyalar gələr deyə, ümid edirsən əbəs yerə… Bəzən qəlyan sənin ümidlərini doğruldur, bəzən isə yox…
Mən kişiləri siqaretə bənzədirəm, asılılıq yaradır insanda, insana ziyandır, səhhətə zərər vurur, amma yenə çəkmək istəyirsən, əlini atırsan, birini çəkirsən, ardınca 19-u gəlir, beləcə bir günə 20 siqareti yandırıb bitirirsən, guya fikirlərindən, dərd və problemlərindən uzaqlaşırsan… Kişilər də siqaret kimi yanırlar, çəkəndə siqareti bitib tükənir, sönürlər…
Mən sevərək ailə qurub ayrılmış və tənha, tək yaşayan qadınam, sərbəstəm, kimdənsə, nədənsə asılı deyiləm, özüm işləyirəm, özüm qazanıram, öz ayaqlarım üstündəyəm, öz sahəmin peşəkarıyam, paxıllıq edir çoxları mənə…
Kişilər üçün potensial seks obyekti, fahişəyəm, sanki məni “tutmaq” istəyirlər…
Evli kişilər belə zəli kimi yapışırlar, evlərində xanımları olduğu halda, məni guya istəyirlər… Ağızlarında ana südü qurumayan uşaqlar belə tamah salır mənə… İyrənirəm, diksinirəm kişilərdən…
Qadınlar isə yerimdə olmaq istədikləri və ola bilmədikləri üçün paxıllıq edib, fahişə sayırlar məni… Kiməsə hesabat vermirəm, kimisə yaxına buraxmıram, qapalıyam deyə, yandırıram onları…
Məndə içim özümü yandırır, çölüm özgəni…
Məni bestsellər kitab kimi hamı sanki oxumağa çalışır, kimisi oxuyub anlayır, kimə isə dilim çətin gəlir, oxuyub dərk etmir, kimisi isə səhv anlayır…
Mən isə mənəm, əslində kim və necə olduğumu ancaq özüm bilirəm…
Отправить комментарий