2/23/2016

Kənd təsərrüfatında sərmayə problemi…

cropped-12049133_10207819599755794_5841062913024938894_n.jpg
Qeyri-neft sektorunun turizmdən sonra ən gəlirli və perspektivli sahəsi və iqtisadiyyatın inkişafı və büdcəyə gəlirlərin gəlməsi üçün potensial sahələrdən biri də kənd təsərrüfatıdır. Nəzərə alsaq ki, kənd təsərrüfatının bir çox sahələri yeyinti və tekstil sənayesi ilə sıx əlaqəlidir, onun inkişaf etməsi və etdirilməsi zəruridir.
Əsas məsələ orasındadır ki, kənd təsərrüfatı qısamüddətli deyil, uzunmüddətli sərmayə tələb edir, özü də ki, ardıcıl olaraq, genişləndirilməsi və inkişaf etdirilməsi üçün səbrlə yanaşı, pul tələb edir.
Kənd təsərrüfatı ilə fermer təsərrüfatı, bir az torpağı və işçi qüvvəsi olan kiçik sahibkarlar, fərdi sahibkarlar məşğul olur və məşğul olmağa maraqlıdır.
Amma nəzərə alsaq ki, bizdə biznes inkubatorlar, layihə menecmenti, sərmayənin növləri zəif inkişaf etmişdir və sərmayənin iki növü vardır, birbaşa dövlət sərmayəsi və bank kreditləri, daimi və əsassız yoxlamalar, sərmayə müqabilində zəmanət kimi girov obyektlərinin qoyulması məsələni çətinləşdirir.
Hələ nəzərə alsaq ki, dərman, gübrə, toxum və tumlar, kənd təsərrüfatı avadanlığı, ilkin xammal hamısı idxal olunur, yerli istehsalımız yoxdur, ona görə də baha başa gəlir, kənd təsərrüfatına başlamaq istəyən sahibkara başalnğıc olaraq çox pul tələb olunur, bu xərclər özünü doğrultmur çox zaman.
Dövlətin birbaşa maliyyələşdirilməsi birbaşa fondlar vasitəsilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçirilir, bu vəsaitləri əldə etmək kiçik sahibkar üçün o qədər də asan deyildir. Ya qohumbazlıq, yerlipərəsətlik, korrupsiya faktları, ayrılan məbləğin yetərli olmaması sahibkarı ruhdan salır.
Bəzən isə fondlar banklara layihə çərçivəsində vəsait ayırır ki, bu vəsaitlər hesabına aqrar kreditləri güzəştli şərtlərlə versinlər. Bu isə bankların rəhbərlərinin şəxsi vicdanına buraxılır. Yəni əslində güzəştli kredit anlayışı kağız üzərində qalır, bank krediti nəinki güzəştli şərtlərlə verir, hətta girov obyekti, aylar üzrə ödənişlər (əsas məbləğlə bərabər faizin ödənilməsi) tələb edir.
Bank kreditləri verəndə isə ya aqrar kredit və ya biznes krediti şəklində verir ki, bu isə girov, zamin, biznes plan, kredit ödəməqabiliyyətinə malik olma və kənar maliyyə mənbələrinə sahib olma kimi şərtlər tələb edir. Aylıq ödənişlərin tələb edilməsi, sahibkarların ödənişi gecikdirən zaman hədələnməsi, məhkəməyə verilməsi, əmlakının əlindən alınması faktlarını deməsəm olmur. Sahibkar pul qazanmaq istədiyi, kənd təsərrüfatını inkişaf etdirmək istədiyi yerdə geriyə düşür, əmlakını itirir.
Nəzərə alsaq ki, iribuynuzlu mal-qara, quşçuluq vaxt aparan biznesdir,  əldə etdiyin vəsaiti heyvan almağa, bəsləməyə sərf edirsən, tövlə, dam tikməyə xərcləyirsən, əlində pul bitir, heyvanların isə böyüyüb süd, ət verməsinə, yumurta verməsinə bir aydan çox vaxt tələb olunur, bank isə aylıq ödəniş tələb edir, anlamır sahibkarı, o zaman hansı inkişafdan danışmaq olar?!
Torpaq təsərrüfatı ilə məşğul olan, əkinçilik, meyvə-tərəvəz əkini ilə məşğul olanlara isə daha çox vəsait və vaxt tələb edilir, torpağın şumlanması, gübrələnməsi, tumların alınıb, basdırılması, bitkilərin bitməsi, avadanlıqların alınması ən azı yarım il vaxt aparır. Bədbəxt sahibkar hər ay bank kreditini necə ödəsin?!
Ən əsas problemlərdən biri də tərəfdaşın olmamasıdır, tərəfdaşlıq işinin zəif inkişaf etməsidir.  Lap sahibkar kənd təsərrüfatı ilə məşğul oldu, maldarlıq, əkinçilik, quşçuluqla… Bu fermer tərəfdaş  tapmaqda, onu fabrik və zavoda satmaqda, digər orta sahibkara satmaqda çətinlik çəkir. Burada rəqabət olmur, monopoliya olan zavod və fabriklər olur və məhsulu fermerdən maya dəyərinə deyil, öz istədiyi qiymətə alacağını bildirir. Bu şərtlər fabrik və zavod rəhbərlərini qane etsə də, sahibkarları qane etmir, çünki biznes danışıqları və əməkdaşlıq o zaman müsbət nəticə əldə edir ki, iki tərəf də razı qalsın.
Kiçik sahibkar, fermerin satış üçün yeganə ümidi bnayramdan bayrama, həftəsonu keçirilən kənd təsərrüfatı yarmarkalarına qalır ki, bu zaman da spekulyant və monopolist satıcılar onların bazar və yarmarkaya çıxmasına mane olurlar.
Lizinq şirkətlərinin çoxusunun bankların törəmə şirkətləri olduğunu, sığorta şirkətlərinin də bank şirkətlərininn törəmə şirkətləri olduğunu, girov obyektlərini qiymətləndirən qiymətləndirici şirkətlərin də banklar, lizinq şirklətləri ilə əlbir olduğunu, məhsulun maya dəyərinin artdığını nəzərə alsaq, anlayarıq ki, çoxtərəfli razılaşma olur, fermer və sahibkara qarşı…
SSRİ dövründə uşaq idim, amma yadımda idi ki, dövlətimiz kənd təsərrüfatı məhsullarını özü təmin edə bilirdi, xaricdən gətirilmə mallar az idi, üstəlik xaricə də ixrac edirdik.
İndi isə ixrac azalıb, idxal isə artmağa davam edir.
Hələ bu problemlər olan aysberqin görünən tərəfidir, görünməyən tərəfini yazmasam yaxşıdır…
Отправить комментарий