2/23/2016

İkimizin Yerinə- qızıma məktub

Əziz qızım, bir az böyü, unutmasan ananın doğma dilini, oxuyub anlayacaqsan, nədən yazdığımı…
Ağlama qızım, heç vaxt ağlama, mənə görə ağlama, mən ağlayıram, mən ağlayım, ikimizin yerinə…
Üzülmə, həsrətimdə olma, yeni ana gəlir, tənha deyilsən artıq, mən üzülürəm, həsrətindəyəm ikimizin yerinə…
Tapmasın səni azar, tapsın məni, xəstələnim, yolum olsun məzar, ya da ki, külə dönmüş xatirələr kimi özüm də kül olum yanaraq…
Üzmə atanı, incimə kimdənsə, incitmə kimisə, mən üzərəm özümü, inciyərəm özümdən, incidərəm özümü ikimizin yerinə… Atan da, nənən də səni çox sevər…
Kimisə bilmə günahkar, cəzalandırma doğma atanı, nənəni, yeni ananı, günahkar mənəm, məni bağışlama, məni sevmə, bil məni günahkar, cəzalandır məni, özümü cəzalandırmışam sənsizliyimlə…
İştahan küsməsin səndən, vaxtında yeməyini ye, iştaham ikimizin yerinə küsmüşdür məndən…
Gələn ildən qismət olsa, gedəcəksən orta məktəbə, dərslərini yaxşı oxu, asılı olma kimdənsə, sən çox ağıllısan, istedadlısan, fərqlisən axı… Sən mənim qürur mənbəyim, başımın tacısan… O biliklər, təhsilin sənə lazım olacaqdır hər zaman…
Kitab oxu, nə qədər çox xarici dili bilsən, bir o qədər öndəsən, qızım, unutma doğma dilini, nə azəri dilini, nə də fars dilini, rus dilini də unutma, öyrən ərəbcə, türkcə, ingiliscə, imkan olsa çincə…
Utancaq qızım, utanma, utanılası heç nə etməmisən axı… Mən utanım etdiklərimə görə…
Həsəd aparma başqasına, uşaqlara, onların anası var, sənin isə yoxdur deyə… Sənin də anan var, biri mənəm, biri isə gələcək yeni anan, bəxtin daha çox gətirib, iki anası yoxdur hər kəsin…
Отправить комментарий