2/19/2016

Harada “müsəlman” görürəm, qorxuram…M.Ə.Sabirə nəzirə

Harada “müsəlman” görürəm, qorxuram… M.Ə.Sabirə nəzirə
Düşsəm də vəhşi təbiətə, vəhşi heyvanların içinə,
Qorxmaram onlardan, bir an belə mən, aliyəm onlardan,
Qorxmaram, flora, fauna, dünya, təbii fəlakət, təbiətdən
Bir tək qorxum var, onun adı – insan, adi müsəlman!
Qorxmaram, ötən zaman, vaxtdan, dağılan məkandan,
Qorxmaram, cansızlardan, canlı varlıqlardan yenə
Tək bir qorxum var, adı şərq insanı, “dindar”, “mollalar”…
Qorxmaram, başqa dinlər, dillərdən, xalq, millət, irqlərdən,
Tək qorxduğum şərq xalqları, insan dili, “müsəlmanlar”…
Mən dinsiz, imansız, avam, cahil insan deyiləm, Allahımın, onun elçilərinin, din və dini kitabları tanıyır, sevir, qəbul edirəm. Lakin mən indiki vəziyyətə gəlib çıxardılan “qondarma İslamın” tərəfdarı deyiləm, əks cəbhədəyəm, mən Əsl İslamın tərəfindəyəm. İndiki zamanda İslam dininin adını çəkib, onu ləkələyənlər az deyildir, qondarma din, müsəlman, ilahiyyatçılar, mollaları qəbul etmirəm, təhrif edilən, səhv və özlərinə uyğun tərcümə edilən və satışa çıxarılan Quranı Kərimi, min məzhəbə bölünmüş dininizi qəbul etmirəm. Mənim qəbul etdiyim İslam cahilliklə, riyakarlıq, yalan, xəyanət, şərlə, aqressiyaya ilə mübarizə aparır, insanların haqqlarını qoruyur, insanlara hörmətlə və sevgiylə yanaşmağı öyrədir, elm, maarifləndirmə tərəfdarıdır, qadın və uşaqların hüquqlarını qorumaqdadır, demokratikdir, dünyavidir. Əsl İslam şərq dünyasında yoxa çıxmağa doğru gedir. Hamı özünü müsəlman, dindar sayır… Öz, əslində səhv olan “haqq yolunu” başqalarına sırıyırlar… Avam və nadan insanlara öz “dini həqiqətlərini” çatdırmaqla, onların “beynini yuyur”, idarə edir və istəyini onlar vasitəsilə, İslam dini bayrağı altında gerçəkləşdirir. Əfsuslar olsun ki, əsl İslamı bilən və Quranı Kərimi ərəb dilindən oxuyan adam azdır…
Şərq dünyasındakı dinimiz indi hansı haldadırsa, mən bu halı qəbul etmirəm və dinin bu cür təhrif edilməsinin tərəfdarı deyiləm… İslam və mentalitet adı ilə gündə bir fitvaya gedənləri də anlamıram…
Mən harda qondarma “müsəlman” görürəm, qorxuram, onların yerinə, Allahın qəzəbindən qorxuram!
  • Biz elə “müsəlmanıq” ki, müsəlman adı altında dini mallar satırıq, insanlara şüuraltı təsir etməyə çalışırıq. Dini mağaza adı ilə mağazada satılan saxta dini kitabların, məhsulların satılmasının əleyhinəyəm… Mən bu cür saxtalıq, riyakarlığın, “beyin yumaların” əleyhinəyəm!
  • Biz elə “müsəlmanıq” ki, gündə bir dindar, molla çıxıb, bir söz atır ortalığa, hamı da avamcasına inanır, tabe olur, inanmayanları isə “cəhənnəm odu, əzabı” ilə qorxudur, “Allah bəlanı verəcək!” sözü ilə qarğışlayırıq! Qarğış eləmək, deyinmək, təhdid etmək, kimisə ölümlə hədələmək, nahaq yerə haqq olanı, haqqı deyəni susdurmaq günahdır!
  • Biz elə “müsəlmanıq” ki, pul verməklə, insanları şirnikləndirməklə, dinə cəlb edirik, rüşvət də günahdır!
  • Biz elə “müsəlmanıq” ki, ilin 1 ayında –Ramazan ayında oruc tutub, Ramazan namazını qılırıq, digər 11 ayında tərkibində donuz əti olan qondarma “halal” kolbasa və sosiska yeyir, spirtli içki içib, növbəti Ramazan ayında günahları yumaq üçün günah yığır! Spirtli içki və donuz əti nə vaxtdan halal sayılıb müsəlmanlar üçün?!
  • Biz elə “müsəlmanıq” ki, ilin 1 ayı Qurban bayramında Qurban kəsib, paylayırıq fəqər-füqəraya, digər 11 ayda bunu etmək biz müsəlmanların ağlına gəlməz, əsla!
  • Biz elə “müsəlmanıq” ki, müsəlman qızlar qızların qaşının alınmasını, saçının kəsilməsini haram bilir, Allah necə yaradıbsa, elə də qalmalıdır insan deyir, özü isə epilyasiya edir, dənizə gedib qaralır, solyariyə gedir, bu halaldır məgər?!
  • Biz elə “müsəlmanıq” ki, bir az müasir geyinən, düşünən insanı əxlaqsız sayıb, ittiham edir, şərləyirik, tanımadan insanı dalınca danışırıq, həmin insanı müzakirəyə və məzxərəyə qoyuruq, ictimai qınağa qoyub, diskriminasiya edirik, İslam insan hüquqlarını bərabər tutur, 4 şahidin olmadan kimisə əxlaqsızlıqda günahlandırmağa icazə vermir, şər, dalınca danışmaq, qeybət, yalan, məzxərə haramdır, bilmirsinizsə, bilin!
  • Biz elə “müsəlmanıq” ki, müsəlman mağazasında spirt saxlayıb, halal efir yağlarına spirt əlavə edirik, mağazanın adını da müasirləşdirib, “Muslim shop” qoyuruq;
  • Biz elə “müsəlmanıq” ki, Allahın bizi necə yaratmasından narazı qalıb, tatu qaş, şişirdilmiş sinə, yumşaq yer, dodaq, yanaq, kiçik burun edirik, bu halaldırmı?
  • Biz elə “müsəlmanıq” ki, boşanmış, dul, zorlanmış qadınlara pis gözlə baxırıq, halbuki dində bu cür qadınları qorumaq, qadınların hüquqları qorunması tövsiyyə edilir, daha belə qadınlara seks obyekti kimi namussuzcasına yanaşmaq tövsiyyə edilmir… Hələ dul və boşanmış, zorlanmış qadınla ailə qurmaq savab sayılır…
  • Biz elə “müsəlmanıq” ki, cihad adıyla müharibə elan edirik, kimi istəyirik öldürürük, döyürük, söyürük, halbuki insan öldürmək, aqressiyanın istənilən növü, küfr etmək günahdır;
  • Biz elə “müsəlmanıq” ki, çörəyin çəkisini süni şişirtməklə, artırıb, bərəkətini azaldırıq, yalan kampaniya, aksiyalar ilə müştərilərimizi aldadırıq…
  • Biz elə “müsəlmanıq” ki, savadlı, dünyagörüşü olan, maarifləndirməyə çalışan, ağıllı, mübariz və həyatda nəyəsə nail olan insanlara paxıllıq edirik, haqq yolundan azmış kimi qələmə veririk cəmiyyətə… Paxıllıq etmək haramdır!
  • Biz elə “müsəlmanıq” ki, kişilərimiz 4 arvad almaq istəyir, halbuki ölkə qanunları buna icazə vermir, həm də dində nəzərdə tutulub ki, buna birinci arvad razı olmalı, bütün arvadlara eyni yanaşılmalı, baxılmalıdır, ayrı-seçkilik olmamalıdır! Ay bədbəxt, sənin arvadın ikinci qəbul etmir, üstəlik bir ailəni, arvadı güclə saxlayırsan, o birilərini necə saxlayacaqsan?!
  • Biz elə “müsəlmanıq” ki, kişi asanlıqla xanımını və uşaqlarını döyür, unutma bu günahdır, xanımın anadır, sənin anan da xanımdır xanımın kimi, özünü cənnətə gedən yoldan məhrum edirsən!
  • Biz elə “müsəlmanıq” ki, hamilə qalmış xanımımızın qız doğacağını bilib, ya xanımı boşayırıq, ya da abort tələb edirik, bilin və agah olun, 3 qız atası atanın cənnətə getməsinini təminatçısıdır, əgər ata hər 3 qızını yaxşı saxlayıb, sevib, qoruyub və yaxşı tərbiyə verib, oxutdurubsa, o cənnətə düşə bilər qızların sayəsində…
  • Biz elə “müsəlmanıq” ki, zəkatı haram qazanılan pullarla edirik, zəkat halal pul, qazanc mənbəyi olmalıdır…
  • Biz elə “müsəlmanıq” ki, qız övladlarımıza təhsil almasına, işləməsinə qarşı çıxıb, tələsik ərə veririk, sonra boşananda, əl-ayağa düşürük, halbuki İslam dini qızların da təhsil almasını savab sayır, tövsiyyə edir…
  • Biz elə “müsəlmanıq” ki, hamını müsəlman edirik, halbuki İslam digər kitabı olan dinlərə hörmətlə yanaşır, məcburiyyət əleyhinədir.
  • Biz elə “müsəlmanıq” ki, qondarma molla, dindarlarımız Qurani Kərimin surələrini əzbər bilmir, kitabın üzündən və ya transkripsiyadan oxuyur, qondarma dualar yazıb, insanları aldadır…
    • Biz elə “müsəlmanıq” ki, insanların canından cin çıxardırıq, bizlərə tabe olmayanları şər qüvvə adlandırıb, şeytana xidmət etdiyini iddia edirik…
    • Biz elə “müsəlmanıq” ki, birinin qadınına, qızına, anası və bacısına gözümüz düşdüyündən, ailəsindəki kişiləri öldürürük, sonra da “sahib çıxırıq” sahibsiz qalan ailədəki xanımlara…
    • Biz elə “müsəlmanıq” ki, qız uşaqlarını da sigə edirik…
    • Biz elə “müsəlmanıq” ki, mənasız mövhumatlara uyub, mövhumat olan işləri görür, sözləri deyirik;
    • Biz elə “müsəlmanıq” ki, özümüzü qılınc müsəlman adlandırırıq, yəni pisi görməsək, döyülməsək, söyülməsək, mədəni yolla haqq yoluna gəlmərik, ağıllanmarıq!
    • Biz elə “müsəlmanıq” ki, dodağımıza donuz piyi qatılan pomadanı vururuq, oruc tutanda, üstəlik oruc zamanı açıq-saçıq geyinirik, guya müasir müsəlmanıq…
    • Biz elə “müsəlmanıq” ki, burdan oruc tutur, namaz qılırıq, namazı bitirən ki, qaçırıq telefona və ya nouta və başlayırıq, qarşı cinsin nümayəndələri ilə yazışmağa, flirt etməyə, yad adamların, bizə naməhrəm olanların şəkillərini bəyənməyə, təriflər yağdırmağa…
    • Biz elə “müsəlmanıq” ki, nəfsimizi saxlaya bilmirik… Nə və kimi görürüksə, onu da istəyirik…
    • Biz elə “müsəlmanıq” ki, şəklimizi müxtəlif yer və pozalarda çəkdirib, sosial şəbəkələerdə yerləşdiririk, şəkil çəkdirmək və portret nə vaxtdan halal, savab olmuşdur axı?!
    • Biz elə “müsəlmanıq” ki, kişi və qadınlarımız tamahkardırlar, acgözdürlər, yolda kimi və nəyi görürlər, başlayırlar qulp qoymağa, guya özləri huri-mələkdirlər, idealdırlar…
Отправить комментарий