2/23/2016

Cəmiyyət: Bakirə deyilsən, tənha qadınsan, sən fahişəsən!

Yazımı ümumi müşahidə və başqa şəxslərin real həyat hekayələri üzərində qurmuşam, fantaziyam deyil, öz həyatım deyil… Odur ki, xahiş edirəm, təhqirə keçməyin…
Bu yazını 18 yaşdan kiçik olanlar, əsəbi, ruh halı zəif olanlar, ürəyi xəstə, psixoloji problemləri olanlar oxumasın…
Bu yazımı sözün əsl mənasında fahişə kateqoriyasına aid edilməyən insanlara həsr edirəm… O insanlara ki, bu sözə layiq deyillər, amma bu adı cəmiyyət onlara vurur, çünki onun kimi olmaq istəyir, ola bilmir, paxıllayır, qısqanır… Azad ola bilməyən, asılı, tənbəl olan insanların işi başqalarına baxıb, onlara qara yaxmaq, damğa vurmaqdır, avara adamlar boş vaxtlarını, asudə vaxtlarını nə iləsə doldurmalıdırlar axı…
Şərq cəmiyyətində bakirəlik əxlaq simvoludur… Razıyam, amma hər bakirə axı əxlaqlı olmur… Hər bakirə olmayan da əxlaqsız sayılmamalıdır…
Mənim üçün fahişə özünü bilərəkdən, həzzdən, istəyərək satanlar, qarşı cinsin nümayəndələri ilə yaxınlıq edənlər, “məni saxlasınlar, pul versin ay ərzində, bahalı hədiyyə alıb, istədiyi vaxt mənimlə fiziki yaxınlıq etsin” düşüncə və istəyi ilə ov, qurban axtarışına çıxanlardır…
Həyatda yaşamaq və yaşatmaq, xoşbəxt olmaq və xoşbəxt etmək asan deyil, çətin də deyil, bunu bacaran və bilən, özünü tanıyan və əsl insan üçün…
Mən bu yazımda nə dindən, nə adət-ənənədən, nə mental dəyərlərdən yazmaq istəyirəm… Bu yazımda real insan həyatlarından yazmaq istəyirəm… Başqalarının həyatını bilib, səhvləri və doğruları görüb, öz həyatımızı yaşamağımızı istəyirəm…
Özümü və ya kimsəni ideal, qüsursuz da hesab etmirəm… Günahlarım da var, savablarım da, haramlarım da olub, halallarım da…
Hər kəs yaşamaq, xoşbəxt olmaq, sevmək, sevilmək, yaratmaq və sağlam olmaq, əsl insan kimi həyat tərzini nümunə kimi yaşatmaq istəyir, layiqdir… Kimdəsə bu alınır… Kimdəsə alınmır…
Fikirlərim, yazımda oxuyacağınız münasibət və təhlillər obyektiv olaraq mənə subyektiv məxsusdur və kiməsə yeritmək fikrim yoxdur…
Uzun yazı olduğundan bir neçə hissədən ibarətdir… Şəxsi həyatımdan yazmamışam…
Mənim üçün əxlaqın, namus və qeyrətin milliyyəti, cinsi, yaşı, irqi və kimliyi yoxdur və bu amillərdən asılı deyil, diskriminasiya edib, qiymətləndirmək, təhlil edib, nəticə çıxartmaq və qərar verib, kimisə nədəsə ittiham etmək düzgün deyil, özü bir əxlaqsızlıq, namussuzluq, qeyrətsizlikdir… Özün görməmisənsə, yaşamamısansa, yaşatmamısansa, şahid olmamısansa, kiməsə fahişə demə… Kimisə əxlaqsızlıqda ittiham etmə! İndiki zamanədə geyim tam olaraq, əxlaq meyarı sayıla bilməz, bu mənim fikrimdir… 
Cəmiyyət: bakirəlik, qaçırılmaq, zorlanmaq, ərə gedib boşanmaq, əməliyyat zamanı bakirəliyi itirmək, sonra bakirə olmamaq və potensial seks, qınaq obyektinə çevrilmək və fahişə sayılmaq…
1.      Nə qədər ki, bakirəyəm…
İçim bir az rahatdır, bakirəyəm… Valideynlərim, qardaşım yanımdadır, qoruyurlar məni, hara getsəm, tək qoymurlar, bir az hirslənirəm, bir az da narazıyam, sərbəst və tam azad olmadığıma görə… Çünki bilmirəm məni niyə, kimlərdən və nələrdən qoruyurlar? Çünki ayıq olmursan, safsan hələ, ağlında təhsil almaq və işləməkdir, saf sevgini və yaxşı sevgilini tapıb, ailə qurmaqdır… Sağlam olmaqdır… Yeməyin var, geyinməyin var, problemlərini paylaşmağa adam var, çətin anında sənə ailən dəstək olur, ən əsası tənha deyilsən… Qadağalar, məhdudiyyətlər isə səni boğur, azadlığa can atırsan… Evdəkilər sənə etibar edir, bilirsən, səni tanıyırlar, amma yenə də narahatdırlar, çünki onlar artıq bilirlər, təcrübə yığmışlar… Həyatda çox insanlar görmüşlər, yaxşını pisdən ayıra bilirlər… Həyəcan, hiss və ürəklə deyil, ağılla qərar verirlər, yanaşırlar olanlara… Çünki insanları, cəmiyyəti tanıyırlar, hansı təhlükələr var, bilirlər artıq… Bakirə olduğunu kimsə biləndə, ehtiyat edir, yaşın az olanda, cinayət işi olduğundan, uzaq durur az da olsa, ağlı və vicdanı olanlar… Toxunmur sənə… Amma bəzi insanları bu amil saxlamır… Bəzi kişilər və qadınlar sənə və sənin bakirə olmağına düşmən kəsilmişdir…
1.      Bakirə deyiləmsə, əgər…
   Cinsindən asılı olmayaraq, bakirlik məfhumu var, mənəvi dəyərimiz kimi, tələb kimi… Amma qadına qarşı bu tələb daha sərt qoyulur… Səbəbini bilmədən, qadının bakirə olmadığını bilən kimi başlayırıq ona əxlaqsız təkliflər etməyə, əxlaqsız ad və damğalar qoymağa…
Necə itirə bilirik bakirəliyimizi biz qadınlar: 
1.      Keyfimizi görüb kişiylə nigahdan öncə yaxınlıq edən zaman, buna haqq qazandırmıram… Haram olsa da, özü öz günahlarına görə cavabdehdir… Hər kəs öz etdikləri savab və günah, haram və halallara görə cavab verəcək…
2.      Qaçırılan zaman oğlan iradəmizə zidd bizi bakirəliyimizdən məhrum edir… Əgər xoşluqla qızışaraq, sevərək, öz istək və iradəmizlə qoşulub gedərək, oğlanı qaçırtmışıqsa, özümüz qaçmışıqsa, bu başqa məsələ… Öz işləridir, özləri bilər… Onsuz da gec-tez peşiman olacaqlar… Sonrakı peşimançılıq isə fayda verməz… Yox, əgər qaçırılmaq istəməmişiksə, mübarizə aparmışıqsa, yardıma ehtiyacımız olduğu halda, harayımıza kimsə çatmayıb, kömək etməyib, sonra dalımızca, vedrə bağlayıb, şəbədə qoşur, qınayırsa, qınayanların başına 100 əllə kül etmək lazımdır… Vaxtında, xanıma yardım etmədin, qaçırıldı, zorlandı, bədbəxt oldu, münasibətləri, ailə həyatı alınmadı, ata evinə qayıtdı, ayrıldı kişisindən… Sən də bunu bilib, onu qınadınsa, bir arzum var, başına gəlsin…
3.      Kişi bizi zorlayır, müqavimət göstərsək belə… Bu ən pis haldır… Zorlanan o qədər qız, uşaqlarımız var, o qədər seks manyakları, pedofillər var ki, cəmiyyətimizdə bu adi hal alıb, onları qınamaq əvəzinə, cəmiyyətimiz qurbanlarını qınayır… Guya “Yaxşı qız, uşaq olsaydı, onu zorlamazdılar, od olan yerdə tüstü çıxmaz,  qadın, qız istəməzsə, kişi heç nə edə bilməz” kimi ifadələrlə zorlanan və zorlanmalarında günahı olmayan xanımlarımıza ikinci zərbəni vururuq, anlamaq, dəstək olmaq əvəzinə… Real bir hadisəni danışım… Bir xanım yolla gedirdi, axşam idi, soyuq qış ayları idi, universitetdə oxuyurdu, 18 yaşı var idi, dərsi ikinci növbəyə düşdüyündən, atası və qardaşı işdə olduğundan, onu qarşılaya bilməmişidilər… O evə tək gəlməli olmuşdur. Həmişə getdiyi yolda içkili vəziyyətdə olan kişi ona arxadan hücum edərək, boğazına bıçağı dirəyərək, zorlamağa cəhd etmiş, onu yerə uzandırmağa çalışmışdır… Qızın əlini digər əliylə bağlayan kişi qızın qışqırmasını və adamları köməyə çağırmasını istəmirdi… Qız kişinin əlini dişləyib, qışqırmağa və bərkdən ağlamağa, hay-küy qopartmağa başlayır, bir az öndə yerləşən həyətdəki restoran kafedəki it hürməyə başlayır, restoranın işçiləri çıxır, qızın yanına qaçır, hücum edən şəxs isə bunu görüb qaçır… Qız cəld və qorxmaz olmasaydı, zorlana bilərdi, meyidi isə nə vaxtsa zorlanmış vəziyyətdə tapılacaqdır… İndi bəzi radikal və dar düşüncəli insanlarımız deyəcək ki, “yaxşı qız qaranlığa qalmaz, evə tək gəlməz, özü günahkardır”, bu xanımın yerində belə deyənlərin ailəsindəki xanımlar olsaydı, yenə həmin sözləri deyəcəkdirlərmi?! Düşünmürəm…Bu həyatda kimisə qınama, heç nədən heç kim sığortalanmayıb, qınadığın insanın başına gələn sabah sənin, ailə üzvlərinin, doğmalarının başına gələ bilər… Daha bir real hadisə, bir xanım var idi, ailəsində maddi problemlər olduğundan, bu xanım təhsil almaqla yanaşı, işləyib pul qazanmaq istəyirdi, bir şirkətə işə düzəldi… Hər şey ilk ayda yaxşı idi… Lakin rəhbərlikdə olan bir nəfərin bu qıza gözü düşmüş idi… Qız saf və uşaq kimi olduğundan, arif və ayıq olmadığından bilmirdi ki, kimin niyyəti nədir?! Günlərin bir günündə, işdəki işçilərin hamısı iş dalınca görüşməyə çıxdılar… İşdə bir o və bir də bu xanım qaldı… O, vəziyyətdən sui-istifadə edib, qapını içəridən bağladı, bu zaman xanım, kompüterin önündə oturub işləyir və mətn yığırdı. Elə qapını bağlayandan sonra qızın yanına gələn direktor müavini qıza sataşmağa başladı… Qız özünü qorumağa və onu sakitləşdirməyə çalışsa da, alınmırdı… Artıq kişi qızı divara söykəyib, soyundurmağa başlamışdır. İşdəki otaqda şkafların üstündə hər yerdə güzgü var idi, qız sanki özünü otağın onunla üzbəüz olan şkafındakı güzgüsündə hər şeyi kənardan görür, müqavimət göstərir, qışqırır, ağlayırdı, onu buraxmasını istəyirdi… Kişi isə bundan daha çox ehtiraslanırdı… Qızı xilas edən qəfildən qapının döyülməsi oldu… İçəri iş yoldaşlarından biri girdi… Gələn iş yoldaşı xanımı xilas etmiş oldu… Xanım həmin işə növbəti gün gəlmədi və o işdən çıxdı… Rəhbərlik səbəbini bilmədən, onu yenidən dəfələrlə işə dəvət etsə də, qız o işə qayıtmadı və susmağa davam etdi…
4.      Ərə gedib boşanırıq… Heç bir qadın ailəni boşanmaq və ailəni dağıtmaq, övladlarını atasız və ya anasız qoymaq üçün qurmur… Qadın ailəsini qurur ki, xoşbəxt olsun, xoşbəxt etsin… 
5.      Ərə gedib dul qalırıq…
6.      Hər hansı bir xəstəliklə bağlı əməliyyat zamanı müdaxilə edilərkən…
7.      Özümüz özümüzü bilərəkdən və ya bilməyərək müxtəlif yollarla məhrum edirik…
8.      Oynayan zaman iti nəyinsə üzərinə yıxılırıq…
    3.Həyat davam edir, mən yaşamaq istəyirəm, cəmiyyətsə, məni öldürmək istəyir… 
    Mən yaşamaq istəyirəm, cavanam hələ… Ey insan, cəmiyyət zorlama məni… Sıxma canımı, beynimi yuma, təzyiqlə, şiddətlə bezdirmə məni, sındırma məni… Öldürmə məni… 
İctimai qınaq çox zaman haqsız olur… Bəzən özlərinin edə bilmədiklərini, lakin etmək istədikləri şəxslər özünü başqasının yerinə qoyub düşünə bilmir, qısqanır, paxıllayır, başlayır müzakirəyə, qınamağa… Özünə gələndə, bu cür vəziyyətə düşəndə, haqq qazandırır özünə… Bu zaman ədalət tərəzisində tarazılıq pozulur… Niyə onun özünə olar, başqasına yox?!
İctimai qınağı edənlər də ,sənə potensial fahişə gözü ilə baxanlar olur, əlləri çatmayanda, nail ola bilməyəndə, vururlar damğa, şaiyələr yaymağa…
4. Boşananların “boş” anları…
5. Qadın olmaq
Bu həyatda qadın olmaq asan deyil, bəlkə də çətindir… Kənardan baxanda, asan görsənir… Kişi olmaq da, asan deyildir. Qadın kişidən çəkinir, kişi qadından… İkisi də indiki zamanədə bir-biri üçün təhlükəli olmuşdur.  Qadın üçün bakirə olanda da, asan deyil, özünü və bakirəliyini qorumalısan, bakirə olmayanda da, asan deyil, qadın kimi adını, namusunu, özünü qorumalısan… Qorumalısan özünü cəmiyyətdən, ictimai qınaqdan, şər və böhtanlardan, söz-söhbət və şaiyələrdən, kişilərdən, yanğınının, ehtiras və şəhvətini söndürmək istəyən kişilərin əxlaqsız, qeyri-etik təkliflərindən, baxışlardan, vurulan damğalardan, özün özünü qorumalısan… Qız olanda, ata evində atan, anan, qardaşın olarsa, onlar səni qoruyur… Tək olmursan, dayağın, arxan olur… Bilirsən ki, ən azı kimdənsə, çəkinirlər…  Ailən olmazsa yanında, ayrılmışsansa, bakirə deyilsənsə, tənhasansa, tək yaşayırsansa, ehtiyatlı, gözüaçıq və cəldtərpənən, arif adam olmalısan, güclü olmalısan, mübarizəni tək aparmalısan və aparacaqsan deyə, vuruşacağın cəbhələr çox olacaq, sən tək olacaqsan, onlar isə çox… Həyatın qanunu budur, azlığı çoxluq özünə tabe etdirmək istəyir, korlar ölkəsində, gözün görəcəksə, səni də kor etmək istəyəcəklər, hamı kimi olmalısan deyə… Seçilməməlisən deyə…
Qadının daşı ağırdır… Düşür hamının başına, elə digər qadınların da, kişilərin də… Elə bilirsiniz, qadın qadının dostudur?Əsla! Qadının ən böyük düşməni digər qadındır… Kişinin qadına etmədiyi pisliyi digər qadın edir… Qadın özünü ilk növbədə, digər qadınlardan qorumalıdır. Kişinin nə vecinə?! Bakirəlik məsələsi gündəmdə deyil, bakir olmadığı zaman ona gündə yüz dəfə yatağa girmək təklifləri gəlmir, əlləşdirilməyə cəhdlər edilmir, ünvanına nəlayiq sözlər atılmır… Kişiləri ictimaiyyət bakir olmadığına görə qınamır! Kişidən soruşmur kimsə: “Evli deyilsən, subaysan, niyə bakir deyilsən?” Bakir olmayan kişiyə demir ki, əxlaqsızdır, oğraşdır… Qadın bakirə deyilsə, kiminsə anası ola bilər, kiminsə qızıdır hələ, kiminsə bacısıdır, kiminsə xanımıdır, kiminsə sevgilisidir, kiminsə əzizi, doğması, dostu və rəfiqəsidir… Tanımadığın insan haqda fikir yürütmək və onu müzakirə etmək nə dərəcədə doğru və etikdir?!


Отправить комментарий