2/19/2016

Bakıda gecə… Melanxoliya… Həyat davam edir…


12715938_1553741268269462_768538964726371781_o
Foto: Nəriman İsmayılov
Qulağımda qulaqcıq… Həzin, instrumental musiqi dinləyirəm… Melanxoliya, öz dünyama səyahət…
Avtobusdayam, sanki bu dünyadan təcrid olunmuşam, ruham, gözə görünməzəm… Avtobusun pəncərəsindən gecə vaxtı Bakının mənzərəsinə H.Abdullayevin pianoda ifa etdiyi musiqi sədaları altında baxıram… Kövrəlirəm… Kövrək qəlbliyəm, son zamanlar… Həssasam… TƏsiri altında qala bilərəm kitabda yazılanların, xəbərlərin, musiqi notlarının, paylaşılan insan həyatının…
Qaranlıqdır küçələr… Gözüm sanki yol çəkir… Düşüncəli, dərin, kədərli baxışlarım, susqunluğum sanki bir-biri əlbir olub ahəngdarlıq yaradırlar… Unudulduğumu düşünürəm, kənar baxışları üzərimdə hiss edirəm… Sanki görmürəm, hiss etmirəm…  Öz dünyamdayam… QƏlbimin musiqisi, səsi gözlərimdəki baxışlarda sözlərə çevrilmişdir…
Bəzən susmaq daha yaxşıdır…
Həyat davam edir… Dostum, sus, dinlə, öz səsini, içindən, lap dərinliklərdən gələn səsi… Sus və dinlə, düşün və yaşa…
Həyat davam edir… Səbail meydanından Nərimanov metrosunadək gələn 5 saylı bakubus avtobusunda yazı yazanda da, pəncərədn gözəl gecə mənzərisini izləyəndə də…
Həyat davam edir, Bakı gecəsinin qaranlığında itib batmaq istəsəm də bəzən…
Həyat davam edir, əziz oxucum, dostum, kövrəlmə, salma yadına keçmişi, sadəcə unutma, nə olursa olsun, yaşa, yaşamağa davam et… Ölüm özü gəlməsə dalınca, ölümü çağırma… Həyat davam edir və etməlidir…
Bakının gecəsində sükunəti sevdim…. Qışda soyuq, ayazını gecə sevdirdi mənə… Yayda sərin, mülayim gilavar küləyini sevdirdi gecə…
Gecəni sevdim, gecədə rola girmək, oyun oynamaq, maska taxmaq lazım olur, çoxumuz gecə daha yorğun, yuxulu olduğumuzdan daha təbii və səmimi oluruq…
Gizlənmək istəmirik, gizlətmək istəmirik, gizlətmirik özümüzü… Gecə özü gizlədir bizi… Çox hadisə, olayın şahidi olmaqdan da məhrumuq… Gecə susqun oluruq… Gecə insanları öz qaranlıq dünyasına, yuxusuna alır… İtiririk süniliyi, yalanı, gecənin qaranlığında… Unuduruq, yuxuluyuq, unuduluruq, əsnəyib yuxu gətiririk başqalarına… Kimi aldadıram axı?! Özümü?!
Həyat davam edir… Sən istəsən, istəməsən də… Həyatını sev, dostum, gündüzü sevdiyin kimi gecəni də sev, özünü sev…
Həyat davam edir… Sənin həyatın bitəcəksə belə başqalarının həyatı davam edəcək…
Bakının gecəsində əsrlər boyu, uzun zamandır ki, həyat davam edir… Dəyişən simalar, insanlar, mənzərə olur… Bakı həmin Bakıdır… Gecəsində də, gündüzündə də… Küləklər şəhəri-Badi kubədir Bakı…

Отправить комментарий