2/22/2016

Ana dediyim insan... (bütün analara və ana olacaq şəxslərə həsr edirəm)

IMG_5902Əziz anam, indiyədək yadımdadır, sənlə xasiyyətim tutmurdu, səndən tez-tez inciyirdim, səni anlaya bilmirdim, dediklərini, məsləhətlərini, hərəkətlərini...
Əzizim, anam, sənin hər zaman haqsız olduğunu, məni sevmədiyini düşünürdüm...
Təşəkkürlər, sizə borcluyam!
İndiyədək yadımdadır, dediyin söz və etdiyin hərəkətlərini qəbul etmədiyim zaman, səninlə mübahisə edərkən, deyirdin mənə:
- Ana olanda anlarsan məni, qızım. Arzum budur, qızın olsun və sənə oxşasın...
Haqlı idin, ana, dediyin çox sözlərdə, etdiyin bir çox davranış və hərəkətlərində, verdiyin məsləhətlərində... Qədrini o zaman bilmirdim mən, inadkar idim, azad olmaq istəyirdim deyə... Ana oldum, arzun çin oldu, qızım oldu, səni ana olandan sonra daha yaxşı anlamağa başladım... Qadağalarını da, məhdudiyyətlərini də, məsləhətlərini də... Anladım ki, danlamağın, tənqid etməyin, mübahisə etməyin özü bir mənə olan ana sevgisinin təzahürü imiş... Gec də olsa, ana oldum, anladım... Üzərimdə çox əziyyətin olub, danılmazdır, gecələri yuxusuz qalmağın, xəstələndiyim zaman məni müalicə edib, 3 günə ayağa qaldırmağın, xəstə olduğum zaman iştaham olmayanda mənə sevdiyim yeməkləri bişirməyin də, məni sevməyindən imiş, ana sevgindən imiş... Yadımdadır, xəstələnəndə yataq rejimini sevməzdim, xəstəliyin ikinci günü ayağa qalxmaq istəyərdim ki, sağalmışam. Dərsdən, işdən qalmaq istəmirdim... Sən isə, icazə vermirdin, haqlı idin, əslində, çünki axşamları xəstəlik aktivləşirdi, yenə də halım pis olurdu... Xəstələnən zaman bizə aptekdən dərman almazdın ki, ziyandır, mürəbbəli çay, bal, bəhməz, təbii vasitələrlə, bitkilərlə sağaldardın bizi... Uşaq vaxtı zəhərləndiyim zaman məni pəhrizə salmağın, diqqətin, qorumağın, evdə yataqda saxlamağın da ana sevgisindən imiş...
Başqa yerdə yemək yeməməyin, ev yeməyini seçməyin, məktəbə, işə evdən yemək qoymağını anlamırdım, çantam ağır olurdu deyə, daşımaq istəmirdim, indi anlayıram ki, ən sağlam və doğru yemək ev yeməyidir... Səhər tezdən bizi erkən oyadıb, yemək verməyini də anlamırdım, niyə səhər tezdən ağır yemək yeməliyik ki, sən demə, əsas qidalanma səhər olmalıdır, enerji verir səhər yeməyi, naharadək acmayaq deyə...
Sarılıq olmuşdum uşaq yaşlarımda, anlamırdım onda necə təhlükəli və ömür boyu qadında iz qoyan xəstəlik olduğunu o zaman... 10 il məni soyuqdan, digər xəstəliklərdən qorudun, pəhrizdə saxladın, qalın geyindirirdin məni, yeməyimi isti-isti yedirtməyinin, çayımı isti-isti içirtməyinin səbəbini anlamırdım mən... Məktəbə gedəndə ağır məktəbli çantamızı daşımağın, bağçaya gedəndə, bizi qucağına almağını və növbə ilə atama ötürməyini anlamırdım, məktəbə özün niyə aparıb-gətirirsən, böyümüşükdük axı, anlamırdım... Sən demə, ana, haqlı idin, zaman dəyişib, insanlar dəyişib, cəmiyyət korlanıb... Sən bizi qoruyurdun onlardan... Məni də, qardaşımı da ətraf mühitin təsirindən qoruyurdun... Bizə görə karyeranı fəda etdin, qurban verdin, işdən çıxıb, evdə oturdun, sənin kimi işguzar və fəal qadın evdar oldun ki, bizim tərbiyəmizlə məşğul olasan... Çox qurbanlar verdin bizə görə... Əsl anasan deyə... Mənsə, o zamanlar səni qınayırdım, deyirdim ki, "nahaq yerə qurban vermisən, gərək işləyərdin, bizi düşünməzdin", sən isə deyərdin: - Mən işləsəydim, siz ətrafınızda olan uşaqlara qoşulacaqdınız, başlı başına qalacaqdınız və pis uşaqların təsiri altına düşəcəkdiniz. Əsl ana, ailəni seçməlidir...
Qonşularımızla niyə ünsiyyətdə olmadığını, niyə qapandığını, niyə kiməsə etibar etmədiyini, qonaq getmədiyini anlamırdım, qınayırdım səni, bağışla, indi anlayıram, indi özüm elə bir insan olmuşam... Əslində, ana sənin kimi olmalıdır, əsl ana sənin kimi insandır! Sən əsl anasan!
Əziz anam, hərdən o qədər sərt, tələbkar idin ki, səndən çox qorxurdum, məsuliyyətli və tələbkar, ağıllı və müdrik qadınsan sən... İndi özüm sərt, tələbkar, məsuliyyətli olmuşam, ağlımın səsini dinləyirəm... Nə qədər sərt, əzmkar, zəhmli olsan da, demokratik idin, tolerant idin, şans verirdin, imkan yaradırdın, azadlıq verirdin bizə... Seçim azadlığı... Söz demək azadlığı...
Həmişə deyərdin: - Mənə yalan danışmayın, doğrunu deyin, mən də sizə doğru yolu göstərim... Bizsə, səndən qorxurduq, yalan danışırdıq, sənsə bizə hirslənirdin, bizdən inciyirdin. Yadımdadır, hər dəfə həyat və insanlar mənə zərbə vurduqca, evə gəlib ağlayırdım, dərtləşirdim səninlə, sənsə mənə təsəlli verirdin, dəstək olurdun, özünü güclə saxlayırdın, ağlamamaq üçün... Gözlərin dolurdu əslində sənin... Çünki qəlbin təmiz və kövrəkdir sənin...
Düzdür, mən atamın qızıyam, atamı çox sevirdim, sevirəm... Amma səni də sevdiyimi anladım, sənə qarşı haqsız olduğumu anladım. Atamı da çox sevirəm, atam da məni çox sevir... Səhvlərim, günahlarım, sizə haqsız davranış və sözlərim olsa da, bağışladınız məni, atmadınız, yanımdasınız və hələ sevirsiniz... Anam, atam  siz mənim qoruyan mələyimsiniz... Siz məni vətənpərvər, vətənini, millətini sevən bir insan etdiniz, milli mənəvi dəyərlərinə, insani keyfiyyətlərə dəyər verməyi, hörmət etməyi aşıladınız mənə... Təhsil almağın, kitab oxumağın, dünyagörüşün olmasının, işləməyin zəruri olduğunu öyrətdiniz mənə... İndi öz ayaqlarım üstündə duran, fərqli, uğurlu, sağlam düşüncəli, ağlım ilə qərar verən, işgüzar bir qadın olmuşamsa, bunun ən böyük səbəbkarı siz oldunuz, məni Günel edən siz oldunuz, valideynlərim...
Ana oldum, qızım oldu, 2 yaş 8 ayınadək ana südü verdim qızıma, xeyirdi deyə, sağlam olsun deyə, xəstələnən zaman gecələri yuxusuz qaldım, təbii yollarla və sevgimlə sağaltdım onu... Uşaq bağçasına qoydum ki, sosial aktiv və ünsiyyətcil olsun, kitab oxuyurdum ki, ağıllı, dünyagörüşü olsun, kitaba marağı olsun, kitab oxusun, istedadı varsa, çıxsın üzə... Mənə verdiyiniz tərbiyəni, aşıladığınız hər bir amili indi qızıma verirəm... Qızım məni qucaqlayıb yatanda, inciyəndə, qucaqlayanda, öpəndə, sevgisini göstərəndə, anladım ki, sənin də övlad sevgisinə çox ehtiyacın vardı, bizsə sənə bu sevgini göstərmirdik, sənsə bizi təmənnasız sevirdin... Qızımı uşaq bağçasına aparanda qucağımda olurdu, qucağımdan düşmürdü çox vaxt, çəki baxımından ağırlaşmışdı, yüküm ağır olurdu, həm onun çantası, həm qızım, həm qızım üçün bağçaya yığdıqlarım, həm də ki, evə etdiyim bazarlıq, alış-verişim... Hamısını mən qucağımda, iki əlimdə daşıyırdım... Ana olanda, anladım ki, qadın necə sevə bilər, necə fədakar ola bilər... Qadın və ana böyük qüvvədir!

Təşəkkürlər, sizə borcluyam!

Отправить комментарий