2/19/2016

Allaha yazdığım məktub…


12640424_1549632762013646_1562971873089590549_o
I məktub

Allah, sənə yazıram məktubu, əslində yazmaya bilərəm, sən onsuz da hər şey bilirsən, fikirləri oxuyursan…

Əslində, bu məktubu göndərməyəcəyəm, nə ünvanını bilən var, nə də ki, etiraz etmirəm, mən yazdıqca, sənin oxumağına…

Allah, o qədər deyiləsi söz, veriləsi sualım var ki, məndən öncə və yaxşı bilirsən demək istədiklərimi, vermək istədiyim sualları…

5 günə yaratdığın dünyanı indi niyə 7 günlük etmisən?!

Sən məni niyə çox sevirsən axı?!

 Niyə səndən incidiyim vaxt, üz döndərdiyim vaxt, dinə nifrət etdiyim halda, insanlardan uzaqlaşdığım halda, məni tək qoymadın, darda qoymadın, eşitdin özüm üçün istədiklərimi, susaraq dilə gətirmədiklərimdən xəbərdar olub, məni bağışlamağını, şans verməyini, hələ də məni sevməyini anlaya bilmirəm…

O qədər sənə inanan, səni sevən insanlar var ki, sanki onları unutmusan, sevmirsən…

Nə ilə fərqlənmişəm, nə ilə yaxın olmuşam, layiq olmuşam sevginə?!

Niyə işsizlik artır, pul insan taleyini həll edir, xəstəliklər, ölüm cavanlaşır, uşaqlaşır?!

Niyə aclıq, susuzluq, müharibələr, günahsız uşaq ölümlərinə göz yumursan?!

Bu dünyada həyatını cəhənnəm bilənə o biri dünyadakı cənnət nəyinə lazımdır axı?! Əbədi həyatı neyləyirik axı?!

Niyə ana, ata övladından imtina edir,övladlar ana-atasını küçəyə atır?!

Niyə insanlar sənin adından yalan danışır, küfr edir, guya dindardır, din adı altında insanları bədbəxt edir?! Necə dözürsən bu haqsızlığa?!

Başqaları, pis insanlar yaxşı insanların hesabına xoşbəxt yaşayır, keyf edir, yaxşılarsa, əzab çəkir, bədbəxtdirlər?!

Niyə insanlar insanlığını itirir, heyvanlar daha mükəmməl və layiqli olur bu həyata…

Niyə heyvanlar qədir biləndir, səmimidirlər, sevməyi bacarırlar, insanlar isə yox, biz də axı bir zamanlar heyvan olmuşuq?! Ali olmaqla, niyə insanlıqdan çıxmışıq axı?!

Niyə səni yaxın bilib, “sən” deyə müraciət etdiyimiz halda, bəzi insanları səndən üstün bilib, “Siz” deyə müraciət etməliyik axı?!

Bir zaman dinə də, dindarlara da, dini kitablara da inanırdım, sonra anladım ki, onlar yalandır, insan təxəyyülünün məhsulu və insanı idarə etmək üçün bir qrup insanın idarəetmə alətidir…

Niyə dindarların sənin yaratdığın insanlar, dinlər qırır bir-birini, düşməndirlər bir-birilərinə?! Xristian müsəlmanı, müsəlman müsəlmanı, şiyə sünnini, sünni şiyəni?! Hamımız məgər insan deyilik?! 

Niyə bizim həyatımız qorxudan asılıdır, qorxaraq edirik hər şeyi, həyatımızı belə qorxaraq yaşayırıq, səndən belə qorxuruq, sevmək əvəzinə…

Niyə ali varlıq olaraq bizə verdiyin ağıldan və vicdandan, qəlbdən insanlar istifadə etmək istəmir axı?!

Niyə daşa, insanlara, fırıldaqçılara daha çox inanırıq, sənə inanmaqdansa?!

Allah, bəlkə səbr kasan dolub, daşır, bari bir bax, cəzalandır bir zamanlar həyat verdiyin insanları, ya da mükafatlandır bu həyatda ancaq…

 Mənə əbədiyyat lazım deyil, cənnəti istəmirəm…

Bu həyatda xoşbəxt elə…

Sağlam olaq, layiqli insanlar olaq…

Eşit məni, tək buraxma, qoru məni pisliklərdən, pis insanlardan…

İnsanlardan, pisliklərdən təkcə sənə sığınıram…

Qoyma mən insanlığımı, ağlımı, qəlbimi, vicdanımı itirim…

Əsl insan olmaq istəyirəm…

Üzmə məni, məyus etmə məni, qoyma səndən yenə inciyim, üz döndərim…

Ancaq səni sevirəm, ancaq sənə inanıram, Allah…

Əslində, özün yaxşı bilirsən, sənə yaxın olmağım üçün bircə pıçıltım, sevgim, inamım yetər, namaz qılmasam da, oruc tutmasam da, Kəbə daşı üçün Məkkəyə getməsəm də…

Sənin xəbərin var qəlbimdən, insanlığımdan, niyyətlərimdən, arzularımdan… İnsanlar bilməsə də, olar, tanımasa da olar…

 II məktub
Allahım, növbəti məktubumu yazıram sənə…
Ürəyim doludur…
Ağlımı fikirlər, düşüncələr, qəlbimi hisslər, duyğular rahat buraxmır… Vicdanım haqqında susuram hələ… Ağlımdakı fikir və düşüncələri bəzən anlaya, qəbul edə bilmirəm, hissləri və duyğuları bəzən yaşaya və yaşada bilmirəm… Bu təbiidir? Belə olmalıdır?!
Son zamanlar ruhum mən yatarkən bədənimi tez-tez tərk edir, səyahətə çıxır, ayılmaq və tərpənmək istəyirəm, alınmır, sanki ölmüşəm, özümü kənardan yatarkən görürəm… Özümü keçmişdəki həyat videoma baxdığım zaman kənardan görürəm, niyə axı?!
Sənin xəbərin, razılığın olmadan ruh bədəni tərk edə bilməz, zaman və məkan səyahətinə çıxa bilməz… Nə demək istəyirsən, bununla axı?! Nəyə işarə edirsən?!
Hətta bir neçə dəfə ruhum ölkəni tərk edib, qızımın yanına da getmişdi, sanki qızım da mənim ruhumu hiss edirdi…
Allahım, sənə inanıram, səni sevirəm, səndən qorxmuram… Onsuz da səndən incidiyim anlarımda da, səni unutmuram…
Onsuz da unutdurmursan özünü…
Bəzən elə dolaşıram ki, o qədər özümə yadlaşıram ki, o qədər özümü qapayıram ki, sanki artıq sondur… Nə kədərdir, nə depressiyadır bu… Sadəcə boşluq, sadəcə biganəlik, sadəcə sonsuzluq…
Bəzən elə yoruluram ki, bezirəm ki, səbəbsiz yerə, kimdən, nədən, niyə, harada, necə olduğunu da bilmir, anlamıram, mexaniki yaşayıram həyatımı…
Bəzən susuram… Susuram ki, o susqunluq, sakitlik, ətalətin içində özümü, səbəbləri, suallara cavabları tapım…
Susuram ki, tapmaq üçün axtarışa çıxa bilim… Susuram ki, axtarıb tapdığımı özümə saxlayım, paylaşmayım…
Bəzən günlərimi, anlarımı, son olaraq yaşayıram, sanki həyat belə yaşanmalıdır, sanki ölüm yanımdadır, hazıram, razıyam, Allahım, bilirəm, müqəddəs deyiləm, bilirəm, öz bildiyim kimi yaşayır, mübarizə aparıram. Üstünlüyüm bəlkə tükənməz pozitiv enerjimdə, qoruduğun saf qəlbimdə, düşünməyi bacaran ağlımda, yaşatdığın vicdanımda, pislikdən müdafiə edə bildiyin ruhumdadır. Bir də yaradıcı olduğumdadı, bütün üstünlüklərimlə insanları özümə cəlb edə bilməyimdədir.
Bilmirəm, bəzən nə istədiyimi, nə düşündüyümü…
Bəzən bilərəkdən inkar edirəm səni, özümü, yenidən təsdiq etmək üçün…
Allahım, çox ziddiyyətliyəm, çox dilemmalar önündəyəm…
Allahım, niyə şeytan tez-tez girir yuxuma? Qəlbimi almaq istəyir, ona niyə lazımam? Nə vermisən mənə? Verdiyin nəyi o almaq istəyir məndən?
Axı o da bir mələkdir, bir vaxtlar çox sevdiyim mələk…
Yuxuma tez-tez səmaya qalxıb aydın, gur, təmiz, bəyaz işıq görür, səslər eşidirəm, sanki orada o anda səninlə danışıram, sənin yeni təyinat, göstərişlərini, məsləhətlərini dinləyirəm… Hər belə yuxudan sonra yazıram, yazdığımı çox adam oxuyur, bəzən də mənimlə razılaşır, bəzən də bəyənir…
Yaradıcılığımla nə ötürməliyəm, nə deməliyəm insanlara? Hələ də anlaya bilmirəm… İstənilən anda və yerdə beynimə yeni fikir, ideya, mövzu verirsən, mənsə yazıram…
Mən kiməm?! Nə etməliyəm?Nəyə hazırlayırsan məni? Məni nigaran qoyma… Bu günlük bu qədər, Allahım…
III məktub
Allahım, sənin yaratdığın bir bəndəyəm, hər kəs kimi… Sənin qəlbimdən, əməl və niyyətlərimdən xəbərin var, sən məni görür, bilir, eşidir, tanıyırsan…
Allahım, axtarışdayam… Kitablarda, dində, insanlarda, təbiətdə, qanunlarında axtardım, tapa bilmədim…
Allahım, səni çox insanlarda tapa bilmədim, bir çox insanlar peşəkar yalançıdırlar… Sənə inandığını, səni sevdiyini, sənin qanunların ilə yaşadığını deyirlər, görüntüsünü yaradırlar, gerçək olanı bir sən bilirsən, bir də ki, mənim kimi bəzi insanlar… Onlar özlərini aldadırlar, mənim kimi insanları və səni aldatmaq mümkün deyildir.
Allahım, susuruq… Ancaq susmaq inanmaq əlaməti deyildir… Susmaq razılıq əlaməti də deyildir. Susmaq biganəlik də deyildir.Susmaq bəzən ümidsizlik, inamsızlıq, mübahisəyə girməmək və özünə doğrunu söyləyib, düşmən qazanmamaq əlamətidir…
Allahım, səni qəlbimdə, gözlərimdə axtarıb, tapdım… Səni göz yaşlarımda gördüm… Aynaya baxarkən, gözlərimdəki baxışlarımda, əməllərimdə, fikirlərimdə, sevgimdə səni tapıb, yaşatdım, gizlətdim başqalarından…
Allarım, özümdən qaça bilmirəm, mümkün deyildir…. Özümü də axtarıram, hələ də tapa bilmirəm… Özümü tam anlaya, tanıya bilmirəm… Özümü hər dəfə yenidən kəşf edirəm… ANcaq insan özü özünü tam anlamır, tanımır, özü özünü tapa bilmir, özü özünə həm dostdur, həm də ki, düşmən… İnsan özünü aldatdığı qədər kimsə onu aldada bilmir… İnsan inanmaq istədiyinə inanır, insan doğru saymaq istədiyini doğru sayır…
Allahım, həyatı verdiyin kimi ölümü də vermisən bizə… Bəzən elə olur ki, çox düşünürəm, ölüm və həyat barəsində… Hər son bir başlanğıcdır..
Allahım, yeni bir başlanğıc istəyirəm, bu həyatda hər dəfə və dəfələrlə yenidən başlamağa bezmişəm artıq…
Sənə ağır gəlməsin, naşükür bilmə məni… Sadəcə cəmiyyətdə çoxluq olan üzvlərdən, çox insanlardan, mübarizədən, rol oynamaqdan, yalandan xoşbəxt görsənməkdən, gülməkdən, sevinməkdən, güclü olmaqdan bezmişəm…
Allahım, insanlarda sənə sevgini görmədikcə, məyus oluram… Çox məyus oluram…. Çox məyus edir məni bir çox insanlar…
Allahım, yuxularımda məni tez-tez aparırsan yanına… Apar məni yanına gerçək həyatda və birdəfəlik…
Xilas et, məni, qəlbimi, ruhumu… Korlanmamış xilas et məni… Apar məni…
Отправить комментарий