2/23/2016

Ailədə antiböhran tədbirləri


12509184_1540906729552916_2835270109058677445_n
Foto: azpress.az Nəriman İsmayılov
Şəxsi təcrübəmə əsaslanan məsləhətlərdir.
  1. Şəxsi büdcənizi tərtib edin, gəlir və xərclər bölməsində gəlirləri-cari və kənar və ya sabit, qeyri – sabit gəlirlərə, xərclər bölməsini isə zəruri və zəruri olmayan xərclər altbölməsinə bölün, xərcləriniz gəlirlərinizi üstələyərsə, qeyri-sabit gəlirlər altbölməsinə alternativ gəlir mənbələrini əlavə edin, zəruri olmayan xərclərinizi azaldın. Məsələn, bıstroff-Mac Donalds, KFC xərclərini azaldın, azaltdığınız xərc məbləğinin 20%-ni  bazarlıq xərclərinə əlavə edin.
  2. Qənaət edin. Kommunal xidmətlərdə qənaət edin, elektrik enerjisi çox istifadə edən məişət texnikasından istifadə etməyin, etməmək mümkün deyilsə, minimuma endirin, minimum həftədə bir dəfə paltaryuma, ütü işini görün, tv-yə baxmırsınızsa, söndürün, işıqlarınızı saat 17-00-dək istifadə etməyin, günəş şüası onsuz da evinizi işıqlandıracaq, sudan da qənaətlə istifadə edin, qaz yemək bişirməyəcəksinizsə, çay qaynatmayacaqsınızsa, istifadə etməyin, ancaq isti su zəruri olarsa, istifadə edin, elektrik enerjisi ilə işləyən su qızdırıcılarını qazla işləyən su qızdırıcıları ilə əvəz edin, həm su tez qızır, həm qaz az istifadə edilir. İki gündən bir duş qəbul edin, maksimum 15 dəqiqə, ardıcıl olaraq bütün ailə üzvləri duş qəbul etsə, həm qaza, həm suya qənaət etmiş olacaqlar.
  3. Yemək dünən bişirilib deyə, yeməmək – variantından imtina edin, dünənki yeməyi atmayın, xarab olmayıbsa, qızdırıb yeyin.
  4. Büdcənizdə gəlirlər bölməsinə debitor borclarınızı qeyd edin, kim sizə borcludursa, axtarıb, qaytarılmasını təmin edin. Xərclərinizə kreditor borclarınızı əlavə edin. Çalışın kreditor borclarınız debitor borclarınızı üstələməsin.
  5. Nəqliyyat xərclərinizi azaldın, gedəcəyiniz yer yaxındırsa, taksi və ya avtobusdan istifadə etməyin, piyada gedin, həm idmandı, həm də hava alacaqsınız, əsəbləriniz sakitləşəcək, üstəlik ən azı 20 qəpik, ən çoxu 2 manat qənaət edəcəksiniz.
  6. Uşaqlarınızın gündəlik xərclərini azaldın, işləyən şəxslər, evdən yemək götürməklə, ən azı 5 manat gündəlik nahar xərclərinə qənaət edəcəkdir, bu isə 20 iş günə 5 manat, ən azı 100 manat qənaət etmək deməkdir, qənaət edilmiş 100 manatın 50 manatını bazarlığa sərf edə bilərsiniz.
  7. Evdar qadınlar gündə boş -boş tv-yə baxmaqla, ən azı gününə 1 manat elektrik enerjisini səbəbsiz yerə sərf edir. TV kanallarımızın müasir vəziyyətini nəzərə alıb, tv-yə baxmamaq olar, kabel tv-lərdən istifadə etməyə bilərsiniz, evdə sürətli, limitsiz internetiniz varsa, myvideo və internet tv proqramları vasitəsilə kabel tv-nin göstərdiyi kanallara baxa bilərsiniz, bununla ən azı 8-10 manat qənaət edəcəksiniz. Evdə olan mövcud kitabları oxumaq və ya toxuma, tikişlə məşğul olmaq olar.
  8. Yeməyi elə bişirin ki, ən azı 1 gün yarıma bəs etsin.
  9. Sağlamlığınıza fikir verin, sağlam qida və sağlam həyat tərzi sürün ki, tibbi xərcləriniz olmasın. Bahalaşmış dərmanları analoqu olan təbii vəsaitlərlə əvəz edin. Tibbi xidmət olaraq, qeydiyyatda olduğunuz rayondakı dövlət tibbi müəssisələrinə müraciət edin, dövlət tibb müəssisələri dövlət hesabınadır, sizdən pul istəmələri qeyri-qanunidir, laboratoriyadakı təhlillərdən savayı.
  10. Taksi xidmətindən imtina edin, ən azı 2 manat, ən çox 20 manat qənaət edəcəksiniz.
  11. Supermarket seçimlərinizi, mallar üzrə analoqu qiymət fərqinə görə seçim edin. Yəni keyfiyyət eyni və yaxın olan baha olmayanı seçin.
  12. Geyimlərinizi brendlərdən ala bilərsiniz, amma fəsli olmayan vaxt, qış mallarını yayda, yay mallarını qışda, bu zaman həmin geyim mallarına tələbat az olduğundan ucuz qiymətə satılır. Məsləhət bilirəm ki, bu tip əməliyyatı internet mağazalar vasitəsilə edəsiniz.
  13. Məişət texnikasını xaricə çıxan adam varsa, ona pul verib, aldırın, xaricdə daha ucuzdur, ən azı 25-40 % qənaət edəcəksiniz.
  14. Yas və toylarınızı çadır və ya açıq havada edin, havadan asılı olaraq.
  15. Toylarınızı, nişan əməliyyatlarını 2020-ci ilədək təxirə salın. Onsuz da indiki dövrdə toya çağırsanız, maddi duruma və işsizliyə görə toya gəlməyənlərin sayı artacaq, toy xərcləri özünü doğrultmayacaq.
  16. Bazarlıq edərkən, çalışın, zəruri qida məhsulları alasınız, həftəsonu kənd təsərrüfatı yarmarkalarında qiymət daha ucuz olur, bazar günü axşam bazar bağlanana yaxın daha ucuz satılır.
  17. Turşu, mürəbbə, cem və s. evdə bağlayın, satışda olandan ucuz düşəcək.
  18. Kreditə heç nə götürməyin, maaşınız azdırsa, onu almaq üçün kreditə və borca girməyin, borc verməyin, borc almayın, başqası üçün öz adınıza kredit götürməyin. İşsizlik amili olduğundan o kredit və borcu ödəyib ödəməyəcəyinizi əminliklə bilmək mümkün deyildir.
  19. Avtomobil zəruri deyilsə, imtina edin və ya satın, ən azı 150-200 manat avtomobilinizdə qənaət edəcəksiniz. Məsələn, avtobus və metrodan gün ərzində istifadə etməklə, 40 qəpikdən 2 manatadək pul sərf edəcəksinizsə, avtomobil olduğunda bu xərc günə 5-15 manat arasında dəyişir.
  20. Evinizdəki kondisioneri istifadə etməyin, onun əvəzinə yayda ventilyator istifadə edə bilərsiniz, ya da ki, təbii üsulla pəncərə və ya balkona çıxan qapını açmaqla, evdəki havanı dəyişə bilərsiniz. Kondisioner xəstəlik mənbəyidir, hələ bu evdə uşaq varsa, istifadə edilməsi məsləhət deyildir.
  21. Ev yeməyi sağlamlıqdır, sevərək bişirilir, ona görə də daha çox evinizdə yemək yeyin.
  22. Marketlərdən şirə və limonad almaq əvəzinə yarım kilo iki cür meyvə və şəkər tozu almaqla, ev şəraitində kompot hazırlaya bilərsiniz, bu isə sizə bir gündən çox bəs edəcək. Həm də kompot sağlamlığa xeyirdir.
  23. Ət məhsulları toyuq və balıq ətinə keçin, ən pis halda dana əti alın. Daha ucuz düşəcəkdir.
  24. Evinizə qonaq az və nadir hallarda çağırın, qonaq getmələrinizin sayını azaldın, ad gününüzü evdə edin, hər şeyi evdə hazırlayın və birdəfəlik istifadə edilən qablardan istifadə edin.
  25. Mobil telefon xərclərinizi azaldın, vacib deyildir ki, bahalı telefonunuz olsun, birinin kreditini bağlamamış ikinci kreditə yeni telefon, planşet, nout alasınız. Məişət texnikalarından ehtiyatla istifadə edin ki, xarab olmasın, texniki servis xidmətləri bahalaşmışdır.
  26. Qanun, qaydalara riayət edin, İnzibati xətalar məcəlləsi və Dövlət rüsumu haqqında qanunla tanış olun, əlavə xərc etməyəsiniz.
Отправить комментарий